AzMİU-nun rektoru qazi tələbələrlə görüşüb

AzMİU-nun rektoru qazi tələbələrlə görüşüb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova 44 günlük Vətən müharibəsinin iştirakçısı olan qazi tələbələrlə görüşüb. Görüşdə tədris işləri üzrə prorektor Akif Qasımov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov da iştirak ediblər.
Rektor Gülçöhrə Məmmədova Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, həmçinin Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsinin, şanlı Qələbəmizin ildönümü münasibətilə qazi tələbələri təbrik edib, onlarla görüşdən çox məmnun olduğunu dilə gətirib. O, qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu vurğulayıb. Vətənin azadlığı uğrunda döyüşən hər bir qəhrəman oğlumuzla fəxr etdiyimizi deyən rektor həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. O, müharibənin keçdiyi ərazilərin mürəkkəb və çətin relyef şəraitinə məxsus olmasına baxmayaraq, şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin cəsarəti və rəşadəti hesabına bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlarda dalğalandığını qürurla vurğulayıb.
Görüşdə qazi tələbələr Orxan Məmmədzadə (Nəqliyyat fakültəsi), Samid İbadzadə (İnşaat texnologiya fakültəsi) və Fariz Əzizov (İnşaat fakültəsi) Vətən müharibəsi günlərində keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun şanlı Zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin qorxmazlığından, mərdliyindən danışıb, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarına rəhmət, sağlamlığını itirən qazilərə şəfa diləyiblər.
Rektor qazi tələbələrin vəziyyəti ilə maraqlanıb, problemlərini dinləyib, onlara hər cür dəstək göstəriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, kəsiri olan qazi tələbələr üçün alt dərslər pulsuz olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər