AzMİU-nun rektoru birinci kurs tələbələri ilə görüşüb

AzMİU-nun rektoru birinci kurs tələbələri ilə görüşüb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova bu il yüksək balla universitetə qəbul olan 1-ci kurs tələbələri ilə görüşüb. Görüşdə universitetin rektorluğu, bütün fakültələrin dekanları, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Rektor tələbələrə yeni tədris ilində uğurlar arzulayıb, dəyərli məsləhətlər verib. O, universitetin imkanlarından, təhsilin səviyyəsindən danışıb, tələbə-müəllim münasibətlərinə toxunub, AzMİU-da tərbiyə, təlim məsələlərinin xüsusilə önə çəkildiyini bildirib.
Görüşdə universitetin beynəlxalq əlaqələri tələbələrin diqqətinə çatdırılıb, onlara digər ölkələrin universitetləri ilə mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq, dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramları barədə geniş məlumat verilib. G.Məmmədova gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin bu gün təhsil ocaqları içərisində seçildiyini söyləyib, gənclərə AzMİU-nu seçdikləri üçün peşman olmayacaqlarını vurğulayıb.
Tədris işləri üzrə prorektor Akif Qasımov da birinci kursa qəbul olan tələbələri təbrik edib, onlara savadlı, bacarıqlı kadr kimi yetişmək üçün universitetin yaratdığı bütün imkanlardan faydalanmağı arzulayıb. O, hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində universitetdə də təhlükəsiz və sağlam təhsil üçün mühüm işlər görüldüyünü deyib.
Sonda rektor və dekanlar yüksək bal yığan tələbələrə tələbə biletləri təqdim edilib.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində AzMİU-ya 1624 tələbə qəbul olub. Onların 898-i dövlət sifarişli yerlərdə, 726-sı isə ödənişli əsaslarla təhsil alacaq.

Tehsil-press.az


Oxşar xəbərlər