Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə təlim səfərinin ilk həftəsi uğurla başa çatıb

Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə təlim səfərinin ilk həftəsi uğurla başa çatıb Peşə təhsil müəssisələrinin idarə edilməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün oktyabrın 3-dən başlanan təlim və təcrübə səfəri uğurla davam edir.
Təlim səfəri çərçivəsində oktyabrın 9-da peşə təhsili müəssisələrinin rəhbərləri Alibeyköy Peşə və Texniki Anadolu Liseyində olublar. Telekommunikasiya, elektrik, maşınqayırma, metal, kimya və avtomobil texnologiyası istiqamətlərində ixtisaslaşan müəssisənin rəhbəri Hakan Eren qonaqlara Türkiyədə peşə təhsilinin idarə edilməsi, xüsusilə də dayanıqlı investisiyanın təşviqi sahəsində görülən işlər bərədə məlumat verib.
Türkiyənin Sənaye Palatasının nümayəndəsi Meltem Arıoğlu özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayaraq, ölkədə özəl sektor təmsilçilərinin peşə müəssisələri ilə əməkdaşlığı və mexanizmləri barədə ətraflı məlumat verib. Daha sonra Recep Arslan lift istehsalı sahəsində müəssisənin özəl sektorla əməkdaşlığı barədə təqdimatla çıxış edib. “Mercedes-Benz” təlim mərkəzinin nümayəndəsi Vedat Sünbüloğlu sənayedə ixtisaslı mütəxəssisə olan ehtiyacı ödəmək məqsədilə peşə müəssisələrində yaradılan təlim mərkəzlərinin ixtisasartırmada oynadığı xüsusi rolunu dilə gətirib.
Sonda infotur çərçivəsində burada yerləşən müxtəlif emalatxanalar, tədrisin təşkili, müəllim heyəti ilə tanışlıq olub. Təlimin 6-cı günü Eyüpsultan bələdçisinin müşayiəti ilə İstanbulun Eyüpsultan bölgəsindəki tarixi məkanlara məlumatlandırma xarakterli ziyarətlə sona çatıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarə edilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsidir. Təlim-təcrübə səfərinin oktyabrın 17-dək davam etməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər