Azərbaycanda Türkiyənin dəstəyi ilə yeni təhsil müəssisələri yaradılır

Azərbaycanda Türkiyənin dəstəyi ilə yeni təhsil müəssisələri yaradılır Azərbaycanda olan iki peşə təhsili verən müəssisəsinin bazasında Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.
Bu barədə məlumat “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində yer alıb.
Peşə təhsili veriləcək sahələr informasiya texnologiyaları, qalma və səyahət xidmətləri, mebel və interyer dizayn, moda dizayn texnologiyaları, qida və içki xidmətləri sahələridir. Tərəflərin razılığı ilə bu sahələrə dəyişikliklər edilə bilər.
Peşə təhsili müəssisələrinin rəhbərləri, müəllimlər və pedaqoji heyət üçün xidmətdaxili təlim proqramları təşkil olunacaq.
Tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.
Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunacaq.
Peşə təhsili müəssisələrinin qrup sayları, qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı, tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti, müəllim heyəti, tədris proqramı, tədris materialları, həftəlik dərs cədvəllərinin hazırlanması, ehtiyac olduqda yenilənməsi və təhsil fəaliyyətləri üçün lazımi şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən ediləcək.
Tərəflər peşə təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai, mədəni, incəsənət, elmi və idman tədbirlərində və yarışlarında iştirak etmələrini təşviq edir və imkan daxilində lazımi köməkliyi göstərirlər.
Tərəflər təhsil sahəsindəki yeniliklərə dair konfrans, seminar, işgüzar səfərlər və elmi yığıncaqlar təşkil edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər