Akademik Kamal Abdulla Pakistan Müasir Dillər Universitetinin rektoru ilə görüşüb

Akademik Kamal Abdulla Pakistan Müasir Dillər Universitetinin rektoru ilə görüşüb Pakistan Müasir Dillər Universitetinin rəhbər heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub. Görüşdə Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektoru Zubeyir İqbal və dekan Lodhi Sofia iştirak edib.
ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəyə görə Pakistan dövlətinə və xalqına minnətdarlığını ifadə edib. Akademik Kamal Abdulla vurğulayıb ki, azərbaycanlılarda həmişə Pakistana qarşı sevgi hissi olub. Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan birliyi ürəkdən gələn birlikdir.
Rektor qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, ADU-da 20-dən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir:
“Biz universitetimizdə Pakistan mədəniyyət mərkəzinin olmasını da arzulayırdıq. Tələbələrimizin, müəllimlərimizin Pakistanın tarixi, mədəniyyəti, dili ilə yaxından tanış olmasını istəyirdik. Mən bununla bağlı Pakistanın Azərbaycandakı səfirinə müraciət etdim, arzumu bildirdim. İstəyimiz müsbət qarşılandı və universitetimizdə Pakistan mədəniyyət mərkəzi açıldı”.
Akademik Kamal Abdulla diqqətə çatdırıb ki, yaxın günlərdə ADU-nun nümayəndə heyəti Pakistan Müasir Dillər Universitetində olacaq və orada Azərbaycan dil və mədəniyyət mərkəzinin açılışında iştirak edəcək: “Eyni zamanda istərdik ki, Pakistan Müasir Dillər Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunsun. Bu fənn Azərbaycan tarixini, mədəniyyətini, bu gününü, dilini özündə birləşdirsin. Beləliklə, biz pakistanlı gənclərə Azərbaycan həqiqətlərini daha yaxşı çatdıra bilərik. Bilirəm ki, dost və qardaş Pakistanda bu o qədər də çətin deyil. Lakin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında qarşımızda müəyyən maneələr var. Erməni təbliğatı öz işini görür, bizə inanmaq istəmirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya media orqanlarına müsahibələri həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır. Prezident bütün müsahibələrində dünyaya çatdırdı ki, Qarabağ Azərbaycandır! Pakistanla yaxın əməkdaşlıqda olan ölkələrdə Azərbaycan həqiqətlərinin təhrifsiz yayılmasında bizə dəstək göstərməyiniz də mühüm əhəmiyyət daşıyır”.
Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər vurğulayıb ki, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı çox müsbət dəyərləndirir. Rəhbərlik etdiyi universitet haqqında məlumat verən rektor qeyd edib ki, ali təhsil müəssisəsi 1969-cu ildə Milli Xarici Dillər Universiteti kimi fəaliyyətə başlayıb: “Hazırkı adı isə Pakistan Müasir Dillər Universitetidir. Universitetin adını dəyişib Müasir Dillər və Elmlər Universiteti etmək niyyətindəyik. Çünki zaman, dövr dəyişir, biz artıq dillərdən çox-çox irəli getmişik. Universitetimizdə 5 fakültə fəaliyyət göstərir. Paytaxt İslamabaddan əlavə 9 şəhərdə kampuslar fəaliyyət göstərir, kampusların sayını artırmaq niyyətindəyik. Kampuslar ümumilikdə 22 min tələbəni əhatə edir. Universitetimizdə bir çox xarici mərkəzlər var. Növbəti belə mərkəz isə Azərbaycan dil və mədəniyyət mərkəzi olacaq. Ali təhsil müəssisəsində Qərb və Şərq dilləri olmaqla 21 dil öyrənilir. İstərdik ki, Azərbaycan Dillər Universitetində Pakistan mədəniyyət mərkəzindən əlavə olaraq birbaşa bizim universitetimizlə bağlı mərkəz də açılsın. Urdu dili ixtisasının tədrisinə başlanılsın. Biz sizə kitablar verəcəyik, müəllimlərinizin universitetimizdə dil öyrənməsinə, urdu dili üzrə mütəxəssis kimi yetişməsinə şərait yaradacağıq”.
Rektor qeyd edib ki, dil və mədəniyyətlə bağlı layihələrin həyata keçirilməsi üçün universitetlər ən yaxşı məkandır: “Bizim ölkələrimizi dini, tarixi keçmiş bağlayır. Ümid edirəm ki, qarşılıqlı yaratdığımız mərkəzlər bu əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”.
Sonra qonaqlar Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mədəniyyət mərkəzi ilə tanış olublar, rektor Məhəmməd Cəfər tələbələrə mühazirə oxuyub.

Tehsil-press.az



Oxşar xəbərlər