Azərbaycan Dillər Universitetində “Məzun günü”

Azərbaycan Dillər Universitetində “Məzun günü” Azərbaycan Dillər Universitetində (ADU) “Məzun günü” keçirilib.
Tədbirdən öncə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri ilə görüşüb. Rektor qonaqlara universitetdə olan ixtisaslar və universitetin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 7 minə yaxın tələbəsi var. 2020-2021-ci tədris ilində universitetin 1200-ə yaxın tələbəsi məzun olur.
“Məzun günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi anılıb. Tələbələrin ifasında beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib.
ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında qeyd edib ki, 2020-2021-ci tədris ilində “Məzun günü” xüsusi qeyd olunur. Çünki bu məzunlar qalibiyyət ilinin məzunlarıdır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi, ərazi bütövlüyümüz bərpa olundu: “Biz qalib xalqıq. Bu bizim üzərimizdə olan məsuliyyəti artırır. İnanıram ki, Azərbaycanın daha da çiçəklənməsi və məzunu olduğunuz Azərbaycan Dillər Universitetinin adını uca tutmaq üçün səylə çalışacaqsınız”.
Xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin nümayəndələri təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplomlarını və Fəxri fərman təqdim ediblər.
Tədbirdə universitetin tələbələrinin ifasında bədii kompozisiyalar təqdim olunub.
“Məzun günü”ndə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri, ictimai xadimlər, müəllimlər və valideynlər də iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər