Anhui Universitetinin professoru BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələrinə ustad dərsi keçib

Anhui Universitetinin professoru BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələrinə ustad dərsi keçib Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində BDU-nun nəzdindəki Konfutsi İnstitutu, Anhui Universiteti və Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə “Çin ənənəvi romanları” mövzusunda onlayn ustad dərsi keçirilib.
Tədbirdə fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə mütəmadi olaraq ustad dərslərinin keçirilməsinin ənənə halını alması və Çin dili, ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında mühazirələr oxunmasının fakültənin Çin dili ixtisası üzrə təhsil alan tələbələri üçün önəmindən danışıb.
Sonra Anhui Universitetinin professoru Denq Şu ustad dərsi keçib. O, klassik Çin ədəbiyyatından dövrümüzə gəlib çatan “dörd böyük roman” barədə məlumat verib. Professor Denq Şu bu sıraya “Üç çarlıq” (Lo Qua-çjun, XIV əsr), “Çayların kiçik körfəzləri” (Şi Nay-an, XIV əsr), “Qərbə səyahət” (U Çen-en, XVI əsr) və “Tszin, Pin, Mey” (naməlum müəllif, təxəllüsü - Lanlinli Rişxəndçi, XVI əsr) romanlarının daxil edildiyini bildirib. Eyni zamanda, bu romanların müəlliflərinin şifahi xalq ədəbiyyatına məxsus xalq rəvayətlərindən bəhrələnməsini vurğulayıb.
Qeyd edək ki, adı çəkilən məşhur romanlardan hər biri sonralar Çin ədəbi nəsrində müvafiq janr növlərinin yaranmasına səbəb olub.
Çin ənənəvi romanları haqqında məruzə fakültənin tələbələri və professor-müəllim heyəti tərəfindən böyük maraqla dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər