Aşpazlıq üzrə milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib

Aşpazlıq üzrə milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib.
Qiymətləndirmə “WorldSkills International” təşkilatının qoyduğu peşə standartlarına əsasən aparılıb.
III mərhələdə 20 iştirakçı 3 saat 30 dəqiqə ərzində sirli qutuda təqdim edilən inqrediyentlərdən istifadə etməklə bir salat və bir əsas yemək növü hazırlayıb.
Həm yerli, həm də beynəlxalq dərəcəli peşəkar aşpazlardan ibarət olan münsiflər heyəti qiymətləndirməni 3 istiqamət üzrə aparıb. Birinci istiqamət üzrə düzgün uniforma, şəxsi gigiyena, təhlükəsizlik qaydalarına riayət, həmçinin işləmə masasının texniki təchizatı və təmizliyi qiymətləndirilib. İkinci istiqamət üzrə inqrediyentlərin hazırlanma bacarıqları, onlardan istifadə qaydası, dəqiqlik, bıçaqla işləmə texnikası, düzgün ləvazimat və avadanlıq seçimləri incələnib. Sonuncu istiqamətdə əsas yeməyin və salatın dadı, teksturası, təqdimatı, iştirakçıların yaradıcı qabiliyyəti və onlar tərəfindən təqdim olunan yeməklərin hazırlama texnikasının izah olunma bacarıqları nəzərdən keçirilib. Qiymətləndirmənin nəticələrinə əsasən Abdulla Abdullayev, Emil Zeynalzadə, Yaqut Şəkizadə, Kamilla Kasimova və Leyla Vəliyeva növbəti mərhələyə vəsiqə qazanıb.
Uğur qazanan iştirakçılar “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzində ödənişsiz təlim-təcrübə proqramına qoşulacaq. Proqramın sonunda imtahanların nəticələrinə əsasən 5 nəfərdən 3-ü final mərhələsinə keçəcək.
Final mərhələsinin qalibi “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzi tərəfindən “Diplom proqramları” üçün təqaüd əldə edəcək. Eyni zamanda, Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanacaq.
Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Ümumilikdə V mərhələdən ibarət milli müsabiqədə iştirak etmək üçün 168 şəxs qeydiyyatdan keçib.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər