“WorldSkills Azerbaijan” və ADNSU-nun əməkdaşlıq imkanları müzakirə edilib

“WorldSkills Azerbaijan” və ADNSU-nun əməkdaşlıq imkanları müzakirə edilib “WorldSkills Azerbaijan” (WSA) platformasının nümayəndə heyəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti arasında görüş keçirilib.
“WorldSkills” hərəkatının məqsədləri və ölkədə bacarıqların inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı Azərbaycanda təhsilin və kadr hazırlığının inkişaf perspektivləri, habelə hər iki qurumun ortaq məqsədlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Sözügedən görüşdə İKT sahəsi üzrə üç bacarıq istiqaməti – şəbəkə administratorluğu, kibertəhlükəsizlik və veb-texnologiylar üzrə mütəxəssis bazasının yaradılması üçün növbəti addımlar müəyyən edilib.
ADNSU-nun Tədris işləri üzrə prorektoru Qasım Məmmədov və “EAZİ” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılov adıçəkilən bacarıqlar üzrə “WorldSkills” peşə bacarıqları yarışlarına müsabiqəçilərin yetişdirilməsinin ölkədəki kadr çatışmazlığı probleminə gələcəkdə müsbət təsir edəcəyini bildiriblər.
Müzakirələrin sonunda universitet rəsmiləri qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
Qeyd edək ki, “WSA” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Bu, bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Həmçinin gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

Tehsil-press.az



Oxşar xəbərlər