ADA Universitetində “Creative Spark” proqramı üzrə tələbə forumu təşkil edilib

ADA Universitetində “Creative Spark” proqramı üzrə tələbə forumu təşkil edilib “British Council” təşkilatının Azərbaycandakı ofisi ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinin tələbələri və gənc məzunları arasında sahibkarlıq bacarıqlarının inkişafına həsr olunan “Creative Spark” proqramı üzrə tələbə forumu təşkil edib.
Forum ADA Universitetinin tələbələrini, həmçinin “Alt Group”, “SABAH.lab”, ilk Azərbaycan aktiv geyim brendi “Meshque”, “ABA” Mərkəzi kimi təşkilatları təmsil edən biznes liderlərini və sahibkarları bir araya gətirib. Forumda sahibkarlıq təhsili, tələbə fəaliyyəti və uğurlu sahibkarlığa aparan bacarıqlar haqqında fikirlər bölüşülüb.
Forumun açılışında çıxış edən ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova məlumat verib ki, artıq 4-cü ildir universitetdə “Creative Spark” proqramı keçilir. Məqsəd tələbələrə biznes sahəsində daha çox bilik vermək, onların biznes ideyalarını dəstəkləməkdir. Forum biznes sahəsindəki innovasiyalar və yeniliklərlə bağlı fikir mübadiləsi aparmağa imkan verir.
“British Council”ın ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hacıyeva “Creative Spark” proqramı haqqında ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, 5 illik proqram yeddi ölkədə tələbələr və gənc sahibkarlar arasında biznes bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
“British Council” təşkilatının Azərbaycan ofisinin direktoru Frensis Qardener-Trexo qeyd edib ki, "Creative Spark” proqramı korporativ təhsili dəstəkləmək və müəssisə mərkəzləri yaratmağı nəzərdə tutur. Bunun üçün əsas məqsəd Britaniyadakı və proqramın icra olunduğu ölkələrdəki universitetlər, yaradıcı institutlar arasında tərəfdaşlıq qurmaqdır. Proqram şəbəkəsi 122 qurumla 50 tərəfdaşlığı əhatə edir. Bu tərəfdaşlıqlar minlərlə gənci sahibkarlıq bacarıqları ilə təmin edəcək və onlara mədəni əlaqələr qurmaq üçün kömək edəcək.
“British Council”in marketinq meneceri Eynar İliyev “Creative Spark” proqramı haqqında təqdimat keçirib, forum iştirakçılarının suallarını cavablandırıb.
Forum öz işini çıxışlar və müzakirələrlə davam etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər