“Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans təşkil olunub

“Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans təşkil olunub AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans keçirilib.
Tədbiri giriş nitqi ilə İnstitutun baş direktoru, akademik Teymur Kərimli açıb.
Konfransda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, elmi katibi Cavid Əliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İlkin yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Mahirə Quliyeva, baş elmi işçisi Mərziyyə Nəcəfova, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev, Əlyazmalar İnstitutunun baş elmi işçisi, professor Raqub Kərimov məruzə ediblər.
Məruzəçilər Qarabağın ədəbi-mədəni keçmişi, XIX əsr ədəbi məclisləri və muğam-sənət tarixi, Qarabağ atları, Qarabağ müharibəsi ədəbiyyatda, XX əsr kino sənətində Qarabağ mövzuları ətrafında çıxış edərək, qarabağşünaslığın yeni nailiyyətləri ilə konfrans iştirakçılarını tanış ediblər. Tədbirdə Qarabağ ədəbi mühitinin yetirmələri olan M.P.Vaqif, X.B.Natəvan, Q.Zakir, B.Şakir, M.Məmai, N.Vəzirov, Ə.Haqverdiyev və başqalarının yaradıcılığı daha çox diqqət mərkəzində olub. “Məclisi-üns”, “Məclisi-fəramuşan” ədəbi məclislərinin əlyazma nüsxələri haqqında da ətraflı məlumat verilib.
Konfrans çərçivəsində Əlyazmalar İnstitutunun hazırladığı “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” adlı sərgi və İnstitutun əməkdaşlarının Qarabağa dair nəşrləri nümayiş etdirilib, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “XIX əsr Azərbaycan ədəbiyyatı”na aid ekspozisiya zalı onlayn qaydada təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər