Ədəbiyyat İnstitutunun bu ilin birinci yarısı üzrə fəaliyyəti müzakirə olunub

Ədəbiyyat İnstitutunun bu ilin birinci yarısı üzrə fəaliyyəti müzakirə olunub Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birinci yarımillik üzrə Elmi şurası keçirilib.
Onlayn formatda keçirilən Elmi şurada AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib. Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Ədəbiyyat İnstitutunun fəaliyyət planı müzakirə edilib. İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində “Molla Nəsrəddin” ensiklopediyasının hazırlanmasının Sərəncamın icrası istiqamətində töhfə olduğu qeyd edilib.
Akademik İsa Həbibbəyli pandemiya dövründə institutun şöbələrinin elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
İnstitutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinin məruzələrinin hazırlıq vəziyyəti barədə məlumat verib.
Elmi şurada Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin ikinci kitabının hazır olduğu bildirilib. Eləcə də Azərbaycan ədəbiyyatı tarixi VII cildliyinin V cildinin çapa hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunan xüsusi buraxılışının çapa hazır olduğunu deyib. O, Türk xalqları ədəbiyyatı şöbəsinin hazırladığı “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunan xüsusi buraxılışı üzərində işlər aparıldığını diqqətə çatdırıb.
Şuranın qərarına əsasən institutun Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanan “Muxtar Auezov: Həyatı və yaradıcılığı” kollektiv monoqrafiyası, Uşaq ədəbiyyatı şöbəsində hazırlanan “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası”, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” və institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyaları çapa tövsiyə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər