ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çinin çay mədəniyyəti” mövzusunda tələbə seminarı keçirib

ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çinin çay mədəniyyəti” mövzusunda tələbə seminarı keçirib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Beynəlxalq Çay Gününə həsr olunmuş “Azərbaycan və Çinin çay mədəniyyəti” mövzusunda tələbə seminarı keçirib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan və Çinin çay ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu söyləyib. O, Çin çayının ən qədim növü sayılan “Puer”in ölkənin daxili bölgələrindən Tibetə, daha sonra Qərbə nəql edilməsindən, karvan yollarının bir hissəsi olan “Qədim çay yolu” haqqında danışıb.
Həmçinin bildirilib ki, ixrac potensialının artırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi xüsusi önəmə malikdir.
Tədbirdə çinşünaslıq ixtisasının IV kurs tələbəsi Vəli Bəxtiyarov Azərbaycan və Çinin çay mədəniyyəti, eləcə də çayla bağlı əfsanələr, çay növlərinin xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin Konfutsi İnstitutunun əməkdaşlarının Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən keçirilən beynəlxalq çay festivalında iştirak etməsini diqqətə çatdırıb.
Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri çayın ənənəvi Çin təbabətində və mətbəxində yerindən danışıblar. Eyni zamanda, Çin yaşıl çayının dünyaca məşhur növlərindən bəhs edərək birlikdə çay hazırlamaq və içmək üçün xüsusi günlərin olduğunu da qeyd ediblər. Buna nümunə olaraq “Ailə görüşü”, “Üzrxahlıq”, “Toy günündə böyük ailəni bir araya gətirmək” günlərinin olduğunu bildiriblər. Tələbələr Çində xüsusi qeyd olunan “Kunq-fu Ça” çay mərasimindən və “Çau” fincanda və çaydanda çayın dəmlənməsinin xüsusiyyətlərindən danışıblar.
Seminarda Azərbaycan və Çinin çay mədəniyyəti haqqında videogörüntülər nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər