“Soyuq günəş” filminin qəhrəmanları AzMİU-da

“Soyuq günəş” filminin qəhrəmanları AzMİU-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Soyuq günəş” filminin ssenari müəllifi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı, baş rolların ifaçıları İranə Kərimova və Mirsənan Kazımovla tələbələrin görüşü keçirilib.
Görüş gənc müğənni Elvira Heydərovanın ifasında filmin soundtreki ilə başlayıb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov bildirib ki, müharibə problemləri və məhəbbət mövzusunda lentə alınan “Soyuq günəş” bədii filmi ləzgi xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini əks etdirir. Filmdə Yarmət və Yarqunatın sevgi hekayəsindən bəhs olunur.
Qısa zamanda tamaşaçılar tərəfindən sevilən filmin ssenari müəllifi Sədaqət Kərimova qələmə aldığı ekran əsəri barədə tələbə və müəllimlərin suallarını cavablandırıb. Filmin quruluşçu rejissoru Elşən Zeynallı isə filmin çəkilişlərinin Qusar rayonunun Həzrə kəndində və Türkiyədə aparıldığını bildirib. Baş rolların qəhrəmanları İranə Kərimova və Mirsənan Kazımov çəkilişlərdə başlarına gələn maraqlı hadisələr, hava şəraiti ilə bağlı üzləşdikləri çətinliklər barədə danışıblar.
Qeyd edək ki, filmin quruluşçu operatoru Elxan Rüstəmov, rejissoru Məlahət Əhməd, bəstəkarı Sədaqət Kərimova, səs rejissoru Teymur Kərimovdur.
Görüşün sonunda “Soyuq günəş” filmi nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər