İlahiyyat İnstitutunda “Son nəfəsədək” filmi nümayiş olunub

İlahiyyat İnstitutunda “Son nəfəsədək” filmi nümayiş olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qarabağ həqiqətlərindən bəhs edən, real hadisələr əsasında çəkilmiş “Son nəfəsədək” filmi nümayiş olunub.
Rektor Ceyhun Məmmədov vətənpərvərlik mövzusunda çəkilən filmin müasir dövr üçün önəmindən danışıb. O, ekran əsərinin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsi tələbələrin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini təşkil edir. İnstitutun təşkilatçılığı ilə müharibə iştirakçıları ilə görüşlər keçirilir, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsi anılır.
“Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov ekran əsərinin sujet xəttindən, hadisələrin necə cərəyan etməsindən danışıb. Bildirib ki, filmdə Qarabağ müharibəsinin başlanğıcında aparılan mübarizədən, filmin qəhrəmanı Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidlikdən bəhs olunur.
Daha sonra tələbələr ekran əsərində Yuxarı Veysəlli kəndinin özünümüdafiə dəstəsinin son nəfəsədək qəhrəmanlıqla vuruşaraq dinc sakinlərin həyatını xilas etmələrini əks etdirən döyüş yolu ilə tanış olublar.
Sonra filmin mövzusu və Qarabağ həqiqətləri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Son nəfəsədək” filminin quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur. Ekran əsərində baş rollarda İlqar Cahangirov, Elşən Rüstəmov, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkiliblər.
Filmin çəkilişləri Füzuli rayonunda və Bakı şəhərində aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər