Dekabrın 17-si Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, jurnalist Şirməmməd Hüseynovun doğum günüdür.
Böyük və mənalı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti olub. Elmi fəaliyyətini Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir.
Şirməmməd Hüseynovun tələbələrindən biri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlunun (Mirzəyev) “Müəllimlər müəllimi” yazısını təqdim edir.
Müəllim – öyrədən, dərs verən deməkdir. Həm də elə öyrədənə müəllim deyirlər ki, onun verdiyi dərs öyrənən üçün bir ömür boyu həyat kredosuna çevrilə bilir.
Şirməmməd Hüseynov bu mənada həqiqi müəllim, həqiqi öyrədəndir, müəllimlər müəllimidir. Tələbəsi olmayanların belə ona hər zaman “müəllim”, “ustad” deyə xitab etməsi də bunun göstəricisidir. Böyük bir jurnalist və ziyalı nəsli Şirməmməd müəllimi özünə müəllim, ustad kimi qəbul edib və sevib.
Bəs Şirməmməd Hüseynovu müəllim kimi sevdirən nə idi? Bu sualın cavabında onun tələbəsi olmuş hər bir şəxs, ilk növbədə, novatorluq amilini fərqləndirir. Bu, sovet dövründə də belə olub, sonrakı dövrdə də. Çünki o, auditoriyalarda hər zaman yenilikçi ruhu ilə seçilməyi bacarıb. Verdiyi dərslər, oxuduğu mühazirələr, etdiyi maraqlı və bəzən mövzudankənar, heç bir kitabda olmayan söhbətlər dinləyicidə dərin təsir buraxa bilib. Xüsusi mimika və jestlər, nitqində tez-tez işlətdiyi “Bildin də nə deyirəm?” cümləsi onun mühazirələrinə əlavə güc və şirinlik qatırdı.
Şirməmməd müəllim, eyni zamanda, dövrün çağırışları ilə ayaqlaşmağı bacarırdı. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəsildə maraq oyatmaq elə də asan iş deyildi. Pedaqoqdan daim öz üzərində işləmək, yeniliklərə açıq olmaq, həm də ixtisası ilə bağlı dərin biliyə malik olmaq zərurəti yaradırdı. Şirməmməd Hüseynovda sadalananlar hamısı özünə yer tapmışdı. Elə bu səbəbdən idi ki, o, auditoriyanın diqqətini cəlb etməyi bacarırdı. Onun dərslərində kiminsə sıxıldığı, zəngin tez vurulmasını gözləməsi olmazdı. Dərs o qədər gözəl keçirdi ki, vaxt sanki bir göz qırpımında gedirdi. Eyni hal universitetdə işlədiyim müddətdə də təkrarlanırdı. Tələbə olarkən Şirməmməd müəllimin dərslərinə hansı həvəslə qoşulurduqsa, müəllim olduğum dövrdə ustad dərslərini də eyni maraqla dinləmişik.
Şirməmməd Hüseynovu sevdirən digər bir məsələ onun tədqiqatçılığı idi. Müəllimliklə yanaşı, tədqiqatı da gözəl şəkildə aparmağı bacarırdı. O, təmizlik, mənəviyyat mücəssəməsi idi və bu keyfiyyətləri istər sovet dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı illərdə hər zaman şərəflə daşımağı bacardı. Şirməmməd Hüseynov həm də böyük bir ənənənin - XIX əsrin sonu XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan davamçısı idi. Şirməmməd müəllimin elmi və publisistik yazıları klassik mətbuat yazarlarımızla müasir dövrümüz arasında bir körpü rolunu oynayırdı. Həmin dövrün ziyalılarının həyat və fəaliyyətini bizə yeni tərzdə, yeni təqdimatda çatdırırdı. Özünün də dediyi kimi, bir növ həmin şəxsiyyətlərlə söhbət edirdi. O, qurucu babalarımız, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətini yaradan və yaşadan insanların mənəvi davamçısı kimi ömür sürməyə çalışdı və deyərdim ki, buna nail ola bildi.
Şirməmməd müəllim həm də həyat müəllimi idi. Onun davranışını, hər bir hərəkətini də özlüyündə bir dərs saymaq olar. Mən onu hər sahədə özümə ustad, müəllim hesab edirəm. Bir çoxlarından fərqli olaraq, həm də həyat müəllimi kimi onu özümə nümunə seçmişəm. Qeyd edim ki, onunla həm arxivin tozunu udmuşuq, həm yol yoldaşı olmuşuq, həm də yeməyimizi bölüşmüşük. Bunların hər birində də ondan daim nələrsə öyrənmişəm: piyada gəzməyə üstünlük vermək, yeməkdən dərhal sonra işləməyib 15 dəqiqə yürümək, yarım saatlıq iş prosesindən sonra fasilə vermək, gözləri bir müddət yaşıllığa zilləmək və s. Ən əsası isə ondan elmə, tədqiqatçılığa həvəs, müəllim peşəsinə sevgi öyrənmişəm. Təsadüfi deyil ki, Şirməmməd müəllimdən öyrəndiklərim hər zaman köməyimə gəlib. Bunun faydasını istər hər hansı bir tədqiqat işi ilə məşğul olarkən, istərsə də fakültədə bir sıra fənlərin xüsusən əski Azərbaycan yazısı fənninin tədrisində görmüşəm.
Artıq üç ildir ki, professor Şirməmməd Hüseynovun doğum gününü onsuz qeyd edirik. Amma bir təsəllimiz var ki, cismən bizimlə olmasa da, onun fikir və ideyaları daim bizimlədir. Ruhun şad olsun, böyük ustad, böyük müəllim və müəllimlər müəllimi!
Tehsil-press.az