Mehmanxana inzibatçısı və aşpaz ixtisaslarını tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri təşkil edilib

Mehmanxana inzibatçısı və aşpaz ixtisaslarını tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri təşkil edilib Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” təşəbbüsü çərçivəsində seçilmiş peşə təhsil müəssisələrinin mehmanxana inzibatçısı və aşpaz ixtisasları üzrə təhsil verən müəllimləri üçün təlimlər keçirilib.
Qəbələ, Şəki və Qax rayonlarında fəaliyyət göstərən peşə təhsil müəssisələrindən 5 ixtisas fənn müəlliminin iştirakı ilə Qəbələdə yerləşən “Qafqaz Riverside Resort Hotel”də mehmanxana inzibatçısı ixtisası üzrə təlimlər təşkil edilib. Üç gün davam edən təlimlərdə müəllimlər mehmanxananın şöbələrinin əsas fəaliyyət prinsipləri ilə tanış olub, restoran və mətbəx bölmələrində iş prosesini yaxından izləyiblər. Bununla yanaşı, mehmanxananın peşəkar heyəti tərəfindən müəllimlərə təsərrüfat şöbəsinin iş prinsipi, hotel nömrələrinin müxtəlif kateqoriyaları və mühasibatlıq şöbəsinin icra etdikləri əməliyyatlar barədə geniş məlumat verilib.
Sözügedən təşəbbüs çərçivəsində Bakı, Gəncə, Qəbələ və İsmayıllı şəhərlərində yerləşən peşə təhsil müəssisələrinin 11 ixtisas fənn müəllimi aşpaz ixtisası üzrə təşkil edilən təlimlərə qatılıb. Təlimin ilk günü müəllimlər “Four Seasons Hotel Baku” mehmanxanasında restoranın iş prinsipi, mətbəxdə və şirniyyat bölməsində istifadə olunan müxtəlif avadanlıqlar ilə tanış olub, malların qəbulu, tərəzilər və soyuducuların istifadəsi haqqında məlumat əldə ediblər.
Təlimin ikinci günü “BeerMood Pub and Restaurant” restoranında baş aşpaz tərəfindən ətlərin Azərbaycan mətbəxinə uyğun emal texnologiyası, isti emalı zamanı aparılan proseslər, bulyonların hazırlanma qaydaları, mal qonşuluğu və çarpaz yoluxma haqqında geniş məlumat verilib. Bundan əlavə, Avropa və milli mətbəx təamlarını təklif edən “Yaban Bulvar” restoranında peşəkar aşpazlar tərəfindən müəllimlərə aşpaz işinin təşkili, aşpazın şəxsi gigiyenası, əmək təhlükəsizliyi, mətbəxdə yaranan problemlərin həlli, müxtəlif avadanlıqlardan istifadə qaydaları haqqında məlumat verilib.
Təlimin sonuncu günündə müəllimlər “Saffron” restoranlar qrupu tərəfindən təşkil edilmiş təlimdə iştirak ediblər. Təlim çərçivəsində “Amburan” istirahət mərkəzinin restoranları, həmçinin “Sahil” və “Pasifico” restoranlarının peşəkar aşpaz kollektivi tərəfindən restoran və qənnadı sexinin iş prosesi ilə yaxından tanışlıq olub, fərqli yeməklər və sousların hazırlanması texnologiyaları üzrə master-klaslar və dəniz məhsullarının təqdimatı keçirilib. Təlim interaktiv formatda müəllimlərin mətbəxdə yemək hazırlaması ilə yekunlaşıb.
Qeyd edək ki, təşəbbüsün məqsədi beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, təcrübə keçmə mexanizminin yaradılması və fərqli iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma təlimini həyata keçirməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər