Turizm Sahəsində Dual Təhsil Proqramı çərçivəsində praktiki məşğələlərə start verilib

Turizm Sahəsində Dual Təhsil Proqramı çərçivəsində praktiki məşğələlərə start verilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisaslarında təhsil alan tələbələri dual proqram çərçivəsində praktiki məşğələlərə başlayıblar. Məşğələlər “Qafqaz-Qəbələ” MMC Qəbələ hotellər qrupu ilə bağlanan müqaviləyə əsasən keçirilir.
Turizm Sahəsində Dual Təhsil Proqramına uyğun olaraq tələbələr 5 həftə ərzində təhsil müəssisəsində ilkin baza biliklər qazanıblar. Seçilmiş 37 tələbə nəzəri biliklərlə yanaşı, “Qafqaz Riverside Resort Hotel” və “Qafqaz Tufandağ Mountain Resort” hotelində şirkətdaxili təlimçilər vasitəsilə praktiki bacarıqlara yiyələnirlər.
Birillik tədris müddətində tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin hotellərində təcrübə keçəcəklər.
Qeyd edək ki, Turizm Sahəsində Dual Təhsil Proqramı Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində icra olunur. Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər