AzMİU-da imtahanların idarə olunması üçün gənc müəllimlərdən ibarət nəzarət qrupu yaradılıb

AzMİU-da imtahanların idarə olunması üçün gənc müəllimlərdən ibarət nəzarət qrupu yaradılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyasına start verilib.
İmtahan sessiyası fevralın 3-dək davam edəcək. İmtahan sessiyasının Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə rektor Gülçöhrə Məmmədova tənzimləyici əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi” barədə əmrinə uyğun olaraq imtahan sessiyası əyani formada təşkil olunub. İmtahan sessiyası magistratura səviyyəsində test üsulu və şifahi, bakalavr səviyyəsində yazılı, test üsulu və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada keçiriləcək. Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmri ilə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrupu formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət nəzarət qrupu yaradılıb.
Əmrdə bildirilir ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan sessiyası dövründə birbaşa rektorun özünün sədrliyi ilə yaradılmış Münaqişə Komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri bağlı şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.
İmtahanların keçirilməsi zamanı TƏBİB tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunur.

Tehsil-press.az



Oxşar xəbərlər