AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili üçün bütün tədbirlər görülüb

AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili üçün bütün tədbirlər görülüb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına başlanılıb. İmtahan sessiyası iyulun 2-də yekunlaşacaq. Bütün imtahanlar onlayn formada test və yazılı üsulla keçirilir. İmtahan cədvəlləri İKT mərkəzinə təqdim olunub. İmtahan qaydaları tələbələrə izah olunub. Universitetdə texniki cəhətdən lazımi avadanlıqlarla təchiz olunmuş imtahan nəzarət-proktor otağı fəaliyyət göstərir. Xüsusi təlim keçmiş koordinatorlar tələbələrin imtahanlara daxil olmaları və imtahan zamanı yaranan problemlərin vaxtında aradan qaldırılmasını təmin edirlər.
Bu gün 66 qrup üzrə 11 imtahan keçirilib, onlardan 46-sı test, 20-si isə yazılı formada aparılıb. İmtahanlarda 1587 tələbə iştirak edib. Texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı problem yaranmayıb. İmtahanların gedişi rektor Gülçöhrə Məmmədova, prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilib.
Qeyd edək ki, AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prosesi ilə bağlı şikayətlərin araşdırılması məqsədilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan şikayətlərin baxılması üçün rektorluq yanında Münaqişə Komissiyası yaradılıb. Bundan başqa, bütün tədris binalarında müraciət və təklif qutuları asılıb. Universitetin rektoru imtahan prosesini şəxsən müşahidə edir, tələbələrin onlayn müraciətlərinə baxır və müvafiq tapşırıqlarını verir.

Tehsil-press.az


Oxşar xəbərlər