AzMİU: Qaydaları pozan 116 tələbə imtahanlardan xaric edilib

AzMİU: Qaydaları pozan 116 tələbə imtahanlardan xaric edilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanvarın 7-dən start verilən 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yekunlaşmaq üzrədir.
Bütün fakültələri əhatə edən imtahanlarda bu günə qədər bakalavr səviyyəsində 528 qrup üzrə 14 min 502 tələbə, test imtahanlarında isə 884 qrup üzrə 22 min 169 tələbə imtahan verib. Magistr səviyyəsi üzrə yazılı imtahanlarda 261 qrup üzrə 1341 tələbə, test imtahanlarında isə 131 qrup üzrə 941 tələbə imtahanlarda iştirak edib.
AzMİU-nun nəzdində yerləşən İnşaat Kollecində isə 53 qrup üzrə 296 imtahan keçirilib. Onlardan 207 imtahan test, 50 imtahan yazılı, 39 imtahan qabiliyyət tələb edən fənlərdən olub. Bu günə qədər imtahanlarda daxili nizam-intizam qaydalarını pozan 116 tələbə imtahanlardan xaric edilib. Onların işləri müəllim koordinatorlar tərəfindən yerindəcə ləğv edilərək aktlaşdırılıb.
Xatırladaq ki, AzMİU-da imtahanlar bir qayda olaraq yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (Memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitetdə Apellyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanların gedişində obyektivlik və şəffaflıq məqsədilə universitet üzrə “Qaynar xətt” yaradılıb, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Bütün bunlarla yanaşı, universitetin rektoru imtahan prosesini şəxsən müşahidə edir, tələbələrin onlayn qaydada etdikləri müraciətlərə baxır və müvafiq tapşırıqlarını verir.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həlli məqsədilə yaradılmış İmtahan Qərargahının məlumatına görə, bu günə qədər qərargaha heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, fevralın 4-dək keçiriləcək sessiya imtahanlarında müəyyən səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla fevralın 10-dan 16-dək həmin fənlərdən imtahan verə biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər