Tarixçi alim: Şuşada bu gün həyata keçirilən bərpa və quruculuq tədbirləri sonsuz sevinc hissləri doğurur

Tarixçi alim: Şuşada bu gün həyata keçirilən bərpa və quruculuq tədbirləri sonsuz sevinc hissləri doğurur Azərbaycan 44 günlük Vətən müharibəsində böyük Qələbə qazanmaqla təkcə ölkəmizin ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız, tarixi, mədəni irsimiz azad olundu, Azərbaycan xalqı öz vətənpərvərliyini, qəhrəmanlığını bir daha dünyaya göstərdi.
Bu fikirləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov bildirib. O deyib ki, tarixi Zəfərdən dərhal sonra Azərbaycan dövləti azad edilmiş torpaqlarda geniş bərpa və quruculuq işlərinə başladı. Qarabağın incisi sayılan Şuşada bu gün həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri sonsuz sevinc və fərəh hissləri doğurur. 2020-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi Şuşanın mədəni və tarixi mirasına diqqət və qayğının parlaq təcəssümüdür. Dövlətimizin başçısının bu qərarı şəhərdə aparılan işlərə daha da böyük təkan verdi. Şuşada “Xarıbülbül” festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, Bülbülün ev-muzeyinin, məscidlərin, tarixi binaların bərpası Şuşanın və bütövlükdə Qarabağın mədəni intibahının başlanğıcı sayıla bilər.
Görülən tədbirlərin məntiqi davamı olaraq Prezident İlham Əliyev 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan etdi. 1752-ci ildə əsası qoyulan Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri Azərbaycanın dövlətçilik tarixində, xalqımızın azadlıq mübarizəsi tarixində mühüm rol oynayıb. “Şuşa İli” bir daha bu tarixə nəzər salmaq, öyrənmək, Şuşanı dünyaya tanıtmaq üçün gözəl fürsət olacaq. Şuşa Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Xan Şuşinski, Bülbül və s. kimi Azərbaycanın ictimai-siyasi fikir tarixinə, ədəbiyyatına, musiqisinə böyük simalar bəxş etmiş torpaqdır. “Şuşa İli”ndə onların irsinin daha geniş araşdırılması ilə bağlı çox əhəmiyyətli işlər görüləcək.
“Beləliklə, “Şuşa İli” ndə tarixi şəhərimiz, yurd yerimiz olan Şuşamızın inkişafı istiqamətində çox önəmli tədbirlər həyata keçiriləcək. Görüləcək işlər Şuşamıza daha gözəl, xoşbəxt həyat bəxş edəcək”, – deyə Fərhad Cabbarov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər