Qazaxıstanın Ş.Yessenov Universitetində “Azərbaycan Mərkəzi” açılıb

Qazaxıstanın Ş.Yessenov Universitetində “Azərbaycan Mərkəzi” açılıb Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Universitetdə “Azərbaycan Mərkəzi”nin açılış mərasimi keçirilib.
Tədbirdə universitetin rektoru Berik Axmetov, Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elmar Məmmədov, Mangistau vilayətinin İnvestisiya və Turizm Departamentinin rəhbəri Venera Mustapayeva, Azərbaycan Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, “Mangistau Media” MMC-nin direktoru Aysulu Dutbayeva müəllimlər və KİV nümayəndələri iştirak ediblər.
Mərkəz universitetdə təhsil alan tələbələr arasında iki qardaş xalq arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək, Azərbaycanın mədəniyyəti və tarixi, adət-ənənələrinin, habelə dilinin tanıdılması və təbliği üçün imkan yaradacaq.
Ş.Yessenov Universitetinin beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə magistr, soydaşımız İlkin Orucov mərkəzin direktoru təyin edilib.
Tədbir çərçivəsində universitet ilə Azərbaycanın Aktaudakı Baş Konsulluğu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Xatırladaq ki, universitetdə Azərbaycan mərkəzindən əlavə, İran mərkəzi var və gələcəkdə Türkiyə mərkəzinin də açılması planlaşdırılır.
Qeyd edək ki, iki ölkə arasında son 11 ayın göstəricisinə görə, Manqistau vilayəti ilə Azərbaycan arasında xarici ticarətin həcmi 33 milyon dollar təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə 23 faiz çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər