BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə Bakı Dövlət Universiteti (BDU) əməkdaşları arasında 27 mart - Elm Gününə həsr olunan “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir.
Müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.
Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
1-ci yer: Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (2 500 manat); humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).
2-ci yer: Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 500 manat); humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).
3-ci yer: Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 000 manat); humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar elektron formada və ya kağız şəklində qəbul olunur. Sənədlərin və digər müşayiətedici materialların qəbulu martın 15-i saat 17:00-da başa çatacaq.
İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinə (elektron formada isə [email protected] ünvanına) təqdim etməlidirlər.
Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həmmüəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılmasına elmi işi müsabiqəyə təqdim edən iddiaçı məsuliyyət daşıyır.
Bu müsabiqə çərçivəsində mükafatlandırılmış iddiaçı cari ildə BDU üzrə elan ediləcək digər analoji müsabiqələrdə iştirak edə bilməz.
Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər və elektron daşıyıcılar bir qayda olaraq geri qaytarılmır.
Əlavə məlumat üçün: Telefon: (+994 12) 538 60 63
E-mail: [email protected]

Tehsil-press.az


Oxşar xəbərlər