Martın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Martın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq Dövlət İmtahan Mərkəzi Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında və Mingəçevir şəhərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərinin, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblərin, Çilov adasında yerləşən məktəbin, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri imtahan veriblər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
İmtahanda 27 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
Bugünkü imtahanların təşkili üçün ümumilikdə 98 imtahan binası, 1495 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 250 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, buraxılışı təşkil edən 180 əməkdaş (mühafizə), 98 bina nümayəndəsi cəlb edilib.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumata əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Martın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8-dək elan olunması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər