ADU-da elmi seminar: Azərbaycan və Çinin qayaüstü rəsmləri

ADU-da elmi seminar: Azərbaycan və Çinin qayaüstü rəsmləri Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Azərbaycan və Çinin qayaüstü rəsmləri” mövzusunda tələbə elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov dünya sivilizasiyasının qədim mərkəzlərindən biri olan Azərbaycanda qayaüstü rəsm sənətinin vüsət aldığını və böyük tarixi dövrü əhatə etdiyini deyib. Bildirib ki, Qobustanın ən məşhur qayaüstü rəsmləri insanların həyatı, həmçinin bu rəsmlərin işlənmə üslubu, quruluşu və texnikası baxımından müxtəlif mövzular ilə seçilir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan qayaüstü rəsmlərinin mədəni mənzərəsi Ümumdünya İrs Siyahısına daxil edilib.
R.Abbasov Azərbaycan ilə UNESCO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafından danışıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliği, sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi ümumbəşəri ideyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini xüsusi qeyd edib.
Vurğulanıb ki, Azərbaycan muğamı, Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın böyük xidmətlərinin nəticəsidir.
Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri qayaüstü rəsmlərin Çində yaranma tarixindən, qədim Çin coğrafiyaşünası Li Daoyuanın əsərlərindən, süjet və texnikasına görə fərqlənən Çin qayaüstü sənətinin ayrı-ayrı qruplarından danışıblar. Həmçinin qeyd olunub ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Huaşan dağlarında yerləşən Çinin ən böyük qədim qayaüstü incəsənət abidəsi iki minə yaxın təsvirə malikdir. Təsvirdə qədim Vyetlər xalqının – “Lakvyet”in həyat və mərasimlərinin, o cümlədən ovçuluq, rəqslər, qurbanlar, müharibələr, eləcə də qəbilə başçılarının və hərbi komandirlərin bənzərsiz nəhəng fiqurları əks olunub.

Tehsil-press.az


Oxşar xəbərlər