BDU-da “Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq” mövzusunda ustad dərsi

BDU-da “Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq” mövzusunda ustad dərsi Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 Mart - Azərbaycan Respublikasında Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində “Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsi Maddə quruluşu kafedrasının müdiri professor Eldar Məsimov tərəfindən aparılıb. E.Məsimov suyun təbiətin ən möcüzəvi maddəsi olduğunu, bu möcüzəni su molekulları arasında mövcud olan spesifik, hidrogen rabitəsi adlanan qarşılıqlı təsirlər nəticəsində formalaşan rəngarəng strukturların yaratdığını qeyd edib. O bildirib ki, canlı orqanizmdə baş verən bütün biokimyəvi və fiziki-kimyəvi proseslərdə, bioloji funksiya daşıyan makromolekulların aktiv konformasiyalarının formalaşmasında, fermentativ reaksiyaların gedişində, osmos və diffuziya vasitəsilə canlı orqanizmdə maddələrin, o cümlədən dərman preparatlarının daşınmasında iştirak edən suyun rolu əvəzsizdir. Su hüceyrə və digər orqanları xarici mexaniki təsirlərdən və mühitin kəskin temperatur dəyişmələrindən qoruyur və yüksək enerjili şüalanmaları udmaq, saxlamaq və istifadə etmək qabiliyyətinə malikdir.
Eldar Məsimov vurğulayıb ki, belə ali funksiya daşıyan suyun digər mayelərdən fərqli olaraq, fiziki və fiziki-kimyəvi xassələrində 48 anomallıq müşahidə olunur. Həmin anomallıqlar isə hidrogen rabitələr vasitəsilə strukturların əmələ gəlməsinin kooperativliiyi ilə əlaqədardır.
Məruzəçi istənilən maddənin, o cümlədən dərman maddələrinin suyun strukturuna və ya termodinamik halına mümkün təsirləri, onun orqanizmdə oynadığı rolun energetik nöqteyi-nəzərdən kəmiyyətcə qiymətləndirilməsi, tədqiqatların nəticələrinin tibdə tətbiqi məsələləri barədə ətraflı məlumat verib.
Qeyd etmək lazımdır ki, ikifazalı sistemlərdə maddələrin paylanması hüceyrə mayesi-membran, membran-toxuma mayesi, qan-limfa və s. sistemləri arasında maddələr mübadiləsinin analoqu və modeli kimi qəbul oluna bilər və olunur. Tədqiqatların nəticələri “hidrofobluq”, “hidrofillik”, “hidrofobeffekt” terminlərini düzgün anlamağa kömək edib, orqanizmdə mövcud olan baryerlərin və bioloji membranların təşkilinin fiziki-kimyəvi prinsiplərinin eyni olduğunu, maddələrin, o cümlədən dərman preparatlarının bioloji aktivliyi ilə onların fizioloji məhlullarının hidrofobluğu arasında funksional asılılığın mövcudluğunu və maddələrin (dərman preparatlarının) orqanizmdə istiqamətlənmiş hərəkətini idarə etmək yollarını göstərib.

Tehsil-press.az

Oxşar xəbərlər