Nuranə Abdullazadə: Suqovuşanda məktəb binasının təmir ediləcəyi xəbəri Tərtər təhsil işçilərini çox sevindirdi

Nuranə Abdullazadə: Suqovuşanda məktəb binasının təmir ediləcəyi xəbəri Tərtər təhsil işçilərini çox sevindirdi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş torpaqlarımızda hazırda tikinti-quruculuq, abadlıq işləri aparılır, “Ağıllı kənd” layihələri həyata keçirilir. Eləcə də Şuşada, Ağdamda, Cəbrayılda məktəb tikintisi davam etdirilir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşanda olarkən qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasındakı vəziyyətlə də maraqlanıblar. Məktəbin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq.
Bu barədə fikirlərini bölüşən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Nuranə Abdullazadə deyib: “Suqovuşan su anbarı vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra burada da tikinti-quruculuq işləri aparılır. Məktəbin əsaslı təmir ediləcəyi xəbəri Tərtər təhsil işçilərini, oradan məcburi köçkün düşmüş əhalini çox sevindirdi. Ərazisi bir hektar olan məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir. Məktəb özü dördmərtəbəli binadır. Əsaslı təmir başa çatdıqdan sonra məktəbdə təhsil yenidən canlanacaq. Biz Tərtər Təhsil Şöbəsi adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda, Tərtər təhsil işçiləri adından söz veririk ki, həmin məktəbdə şagirdlərin vətənpərvər ruhda böyüməsinə daim dəstək göstərəcəyik, onların yanında olacağıq. Təkcə şagirdlərin deyil, onlara təhsil verən, şagirdləri vətənpərvər ruhda böyüdəcək müəllimlərin də daim yanında olacağıq, əlimizdən gələn köməyi edəcəyik”.

Tehsil-press.az


Oxşar xəbərlər