Münaqişə bitib, Fransanın qərəzi bitmək bilmir - TƏHLİL

Münaqişə bitib, Fransanın qərəzi bitmək bilmir - TƏHLİL Qarabağda 44 günlük müharibə başa çatsa da, Fransanın qərəzli mövqeyi başa çatmaq bilmir. Bu dəfə Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib. V. Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Qarabağda müxtəlif görüşlər keçirib. Fransanın nüfuzlu nəşri “Le Fiqaro” qəzetinin yazdığına görə, fransızlar adıçəkilən səfəri Rusiya sülhməramlıları ilə razılaşdırıblar.
Görünən budur ki, V. Pekres qarşıdan gələn prezident seçkilərində Fransadakı erməni lobbisinin dəstəyini qazanmaq üçün bu addımı atıb. Başqa bir sual isə açıq qalır - Rusiya sülhməramlıları Bakının razılığı olmadan Qarabağa xarici vətəndaşları niyə buraxırlar?
Rusiya sülhməramlıları Laçın dəhlizində nəyə və kimə nəzarət edirlər? Kim istəsə, Azərbaycanın suveren ərazilərinə rahat keçəcəksə, belə çıxır ki, sülhməramlılar üzərilərinə düşən vəzifə və öhdəliklərini icra etmirlər, ya da icra etmək istəmirlər. Rusiya sülhməramlıların gözü qarşısında Qarabağa silah və sursat daşınır. Məhz bu faktlara görə Azərbaycan ictimaiyyətində haqlı olaraq belə fikir formalaşır ki, Rusiya sülhməramlıları missiyalarını həyata keçirə bilmirlər, bu isə təbii olaraq onlara olan etimadı heçə endirir. Rusiya sülhməramlıları bəzi hallarda öz mandatlarına uyğun xidmət göstərmirlər. Onların nəzarətində olan ərazilərdən diversantların Azərbaycan postlarına atəş açması də deyilənlərə bir sübutdur.
Xatırladaq ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin bunun əksi baş verirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Parisin Dağlıq Qarabağ münaqişəsi fonunda daha çox üzə çıxan və aydın görünən erməni simpatiyası, ermənilərin haqlarını qorumağa çalışmaları nədən qaynaqlanır?
Fransa siyasətçiləri hər zaman ölkə daxilində və xarici siyasətdə ermənilərdən istifadə ediblər. V. Pekres və prezidentliyə digər namizəd Erik Zimmur da eyni yolu gedir. Bu isə Cənubi Qafqazda revanşizmi gücləndirmək və sülhə qarşı təxribat deməkdir. Pekres, Zimmut və Fransa senatında olan digər ermənipərəstlərin bu addımları münaqişəni yenidən alovlandırmaq məqsədi güdür. Onların revanşizmi və separatçılığı dəstəkləməsi isə ciddi təhlükədir.
Təhlükəli olan digər məsələ isə budur ki, məsələyə dini don geyindirmək cəhdləri də var. Bəzi fransız siyasətçilər tərəfindən xristian təəssübkeşliyi, səlibçi düşüncəsi, rasizm meylləri də müşahidə olunur. Bu isə Fransa üçün yenilik deyil. Bu yaxınlarda Parisin mərkəzi meydanlarında divarlarda 50-yə yaxın iri xaç şəkli çəkilmiş, “Ərəblərə ölüm!”, “Yəhudilər, rədd olub gedin!” ifadələri və başqa irqçi çağırışlar yazılmışdı.
1945-ci ilin əvvəlində Əlcəzair əhalisinin 15 faizi fransızlar tərəfindən soyqırımına məruz qalıb, lakin buna görə heç kəs bütövlükdə fransız xalqını ittiham etmir, Fransanın bir çox siyasətçiləri isə ayrı-ayrı hadisələrə görə bütün müsəlmanları suçlayır.
Onu da qeyd edək ki, V. Pekresin İrəvana səfərinə şərait yaradan Ermənistanın baş naziri N. Paşinyan bununla özünün ən ciddi dəstəkçisi olan Fransa Prezidenti Makrona qarşı da düşmən münasibət sərgiləmiş olur. Emmanuel Makron bir qədər əvvəl Paşinyanla görüşdə hətta “Azərbaycan qoşunu Ermənistan ərazisindən çıxmalıdır” kimi gülünc bəyanat vermişdi. Bundan başqa, 44 günlük müharibə dövründə E. Makronun bütün siyasi və əxlaqi sərhədləri keçərək, Fransanın vasitəçilik missiyasının üstündən xətt çəkdiyi, Azərbaycanın əleyhinə yersiz bəyanatlar, əsassız ittihamlar səsləndirməsi də hər kəsin yadındadır.
Nikol Paşinyan isə bunun qarşılığında fərqli addım atır. Onu hakimiyyətə gətirən Sorosa, ardınca Rusiyaya xəyanət edən Nikol indi də Makrona arxa çevirir.
İndi əsas sual odur ki, E. Makronun əsas rəqiblərindən olan V. Perkes Fransa Prezidenti seçiləcəyi təqdirdə iki ölkə arasında münasibətlər necə olacaq? Qarabağa qanunsuz səfər etdiyinə görə, o, çox güman ki, Azərbaycanın “qara siyahı”sına düşəcək. Bəs Parislə Bakının münasibətləri necə inkişaf edəcək?
Xatırladaq ki, 18 oktyabr 1991-də müstəqilliyini elan edən Azərbaycan Respublikası 3 yanvar 1992-ci il tarixində Fransa tərəfindən tanınmışdı. Lakin bu illər ərzində Fransanın Azərbaycana münasibətində daha çox soyuqluq nəzərə çarpır. Fransa hökuməti nəinki erməniləri dəstəkləməklə kifayətlənməyib, hətta müxtəlif ölkələrə, o cümlədən Türkiyəyə təzyiqlər etmişdi. Belə ki, Türkiyə Xocalı faciəsindən sonra Ermənistana humanitar yardımı, həmçinin xaricdən gələn humanitar yardım karvanlarının öz ərazisindən keçməsini dayandırmışdı, Paris isə buna görə Ankaraya qarşı “səlib yürüşü” təşkil eləmişdi.
“Azərbaycan” qəzeti 28 aprel 1993-cü il tarixli 79 nömrəli sayında yazırdı ki, ATƏM-in (indiki ATƏT) Dağlıq Qarabağla bağlı yaratdığı işçi qrupunda ermənilərin işğalçı fəaliyyətini pisləyən qətnamənin qəbul edilməsi ehtimalı olduqca az idi, çünki Fransa və Rusiya belə bir qərar qəbul edilərsə, onu veto edəcəklərini bildirmişdi.
Azərbaycan hər zaman Fransa ilə münasibətlərə xüsusi önəm verib, Parisə dost əli uzadıb. Lakin qarşılığında Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılayıb.
Unutmaq olmaz ki, Fransa imperialist maraqları olan dövlətdir. Fransızlar nə qədər ermənipərəst olsalar da, onlar üçün öz iqtisadi maraqlarının təmin olunması ermənilərin milli maraqlarının qorunmasından daha vacib olub və yəqin ki, bu, gələcəkdə də belə olacaq. Məhz bu səbəbə görə fransızlar I Dünya müharibəsinə qədər erməni millətçi-terrorist təşkilatlarının yaranmasına izin versə də, onların “Böyük Ermənistan” yaratmaq arzularını gerçəkləşdirmələrinə qarşı çıxdılar.
Hətta I Dünya müharibəsində zaman-zaman Fransada Osmanlı dövlətinin parçalanmasına mane olaraq oradakı iqtisadi maraqları qorumağın vacib olduğu fikirləri səsləndirilib. Lakin ikibaşlı siyasət, nəhayət, Osmanlının Fransadan üz döndərməsinə gətirib çıxarmışdı. 1896-cı ildə Fransanın Maraşdakı vitse-konsulu təyin olunan Ferdinand Viet öz qeydlərində bildirirdi: “Ermənilərin 1895-1896-cı il hadisələrindən sonra bir daha müstəqillik xəyalına düşmələri sadəlövh olardı. Osmanlını dağıtmağa yönəlmiş hər hansı cəhd ermənilər üçün fatal nəticələrə gətirib çıxarar və onlar özləri də imperiyanın dağıntılarının ağırlığı altında qalıb məhv olarlar”.
Bir sözlə, Paris iqtisadi maraqlarını heç vaxt ermənilərə görə qurban verməyəcək. Sadəcə olaraq, erməni lobbisinin əlində oyuncağa çevrilən V. Pekres kimilər ölkələrinin praqmatik maraqlarını görməzdən gəlirlər. Bunun zərbəsini isə ilk növbədə özləri dadmalı olacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər