Firudin Qurbanov: Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir

Firudin Qurbanov: Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir Son dövrlərdə cəmiyyətdə belə bir fikir formalaşıb ki, uşaqlar kitab oxumurlar. Nəzərə almalıyıq ki, uşaqların bədii ədəbiyyat oxuması onların gələcək inkişafı üçün çox vacibdir. Uşaqlar kitab oxuduqca onların dünyagörüşü artır, tənqidi düşüncə bacarığı formalaşır. Bu məqsədlə də yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində “Düşünən oxucu” müsabiqəsini təşkil etdik. Müsabiqənin məqsədi təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.
Bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov “Düşünən oxucu” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində AZƏRTAC-a müsahibəsində deyib.
Nazir müavini bildirib ki, şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir. Təhsil Nazirliyi sistemində 4 mindən artıq kitabxana fəaliyyət göstərir. Bu kitabxanaların əksəriyyəti ümumi təhsil müəssisələrindədir və daim yeni nəşrlərlə zənginləşdirilir.
“Sevindirici haldır ki, “Düşünən oxucu” müsabiqəsinə 20 mindən artıq şagird qoşulub. Onlardan final mərhələsinə 132 şagird keçib. Münsiflər 132 şagirdin videotəqdimatını qiymətləndirərək 30 qalib müəyyənləşdiriblər. Müsabiqənin nəticələri onu göstərir ki, məktəblilərimizin oxumağa həvəsi var”, - deyə təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər