“Düşünən oxucu” müsabiqəsinin şəhər mərhələsində 362 şagird iştirak edib

“Düşünən oxucu” müsabiqəsinin şəhər mərhələsində 362 şagird iştirak edib “Düşünən oxucu” müsabiqəsinin şəhər mərhələsinə yekun vurulub.
Müsabiqənin şəhər mərhələsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 362 nəfər V-IX sinif şagirdi iştirak edib.
Şəhər mərhələsində münsiflər heyəti tərəfindən şagirdlərin videotəqdimatları izlənilib, müəyyən olunmuş qiymətləndirilmə meyarları üzrə seçim aparılıb.
Nəticədə 12 şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin keçirilməsində məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.
Müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyənləşdirilmiş oxu ədəbiyyatı siyahısındakı bir əsəri oxuyaraq videotəqdimat hazırlayıblar. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli, eyni zamanda, təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsaydım, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər