AzMİU-nun əcnəbi tələbələri Quba Soyqırımı Memorial Kompleksində

AzMİU-nun əcnəbi tələbələri Quba Soyqırımı Memorial Kompleksində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi, müəllimlər, universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, məzarlığın önünə tər çiçəklər düzüblər.
Əcnəbi gənclər kompleksdə fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırımını əks etdirən şəkillərlə tanış olublar. Onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verilib. Muzey əməkdaşları erməni quldurlarının Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə həyata keçirdikləri kütləvi qətliamlardan, minlərlə insanın öldürülməsindən, mindən artıq kəndin yandırılması və dağıdılmasından danışıblar. Diqqətə çatdırılıb ki, soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tələbələrə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi barədə də geniş məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Tehsil-press.az


Oxşar xəbərlər