1918-ci il soyqırımları ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, yeni faktlar üzə çıxarılıb

1918-ci il soyqırımları ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, yeni faktlar üzə çıxarılıb Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə institutun direktoru, akademik Validə Əlizadə erməni millətçilərinin müxtəlif dövrlərdə fərqli formalarda xalqımıza qarşı apardığı ardıcıl soyqırımı və etnik təmizləmə siyasətindən söz açıb. Akademik vurğulayıb ki, bu hadisələr nəticəsində minlərlə azərbaycanlı öz evindən, torpağından didərgin düşüb, deportasiyaya, soyqırımına məruz qalıb. 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, şəhər və kəndləri yandırdılar, milli mədəniyyət abidələrini məhv etdilər.
V.Əlizadə bildirib ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən başlayaraq martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində geniş qeyd edilib.
1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxıb, Qubada azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzov, biologiya elmləri doktoru Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, doktorant Aida İbrahimova və digər çıxış edənlər mart soyqırımını Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri kimi qiymətləndiriblər. Çıxış edənlər indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq və bu cür qanlı hadisələrin təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər