Sofiyada Azərbaycana həsr edilmiş uşaq kitabının təqdimatı olub

Sofiyada Azərbaycana həsr edilmiş uşaq kitabının təqdimatı olub Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Uşaq Günü çərçivəsində Azərbaycana həsr edilmiş Marqarita Pavlovanın “Plamıçka və Plamıçko” (Alov) uşaq kitabının təqdimatı və kitab üçün çəkilmiş rəsmlərin sərgisi keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska təqdim olunan kitab və uşaq rəsmləri barədə məlumat verib. Bildirib ki, kitab 2021-ci ildə işıq üzü görsə də, COVID-19 pandemiyasına görə onun rəsmi təqdimatı indi reallaşıb.
S.Şıqayeva-Mitreska, həmçinin Marqarita Pavlovanı təqdim edərək onun 15 kitabın müəllifi olduğunu və müxtəlif ədəbiyyat mükafatlarına layiq görüldüyünü deyib.
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov çıxışında hər kəsə təşəkkürünü bildirərək rəsmlərin əksəriyyətində od və alovun təsvir edildiyini deyib. O, Azərbaycanın Odlar yurdu adlandırıldığına diqqət çəkərək, bunun da qədim zamanlardan ölkəmizdə neft və qaz yataqlarının mövcudluğu ilə əlaqələndirildiyini vurğulayıb. Bundan başqa, səfir sərginin və “Plamıçka və Plamıçko” kitabının Bolqarıstanda təqdimatının iki ölkə arasında əlaqələrə böyük töhfə verəcəyini diqqətə çatdırıb və uşaqlara rəsmlərdə çəkdikləri bütün yerləri görmək imkanı əldə etməyi arzulayıb.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin prorektoru Mariya Stoyçeva Sofiya Universitetinin bilik mərkəzi olduğunu qeyd edərək tədbirin keçirilmə məkanı kimi buranın seçildiyini əlamətdar hadisə kimi dəyərləndirib. O, rəsmləri çəkən uşaqların hələ kiçik olmasına baxmayaraq, Sofiya Universitetinin onların qəlblərində bilik atəşini alovlandıracağına ümid etdiyini diqqətə çatdırıb.
Marqarita Pavlova Azərbaycanın Bolqarıstandakı səfirliyinə və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə kitabın nəşrinə və bu tədbirin həyata keçirilməsi sahəsində görüldüyü işlərə, eləcə də diqqəti dərhal cəlb edən uşaq rəsm sərgisinə görə təşəkkürünü bildirib. O, kitab yazmaq ideyasının yaranması barədə danışaraq onun əsas personajlarından bəhs edib və kitabdan bir parça oxuyub.
Sonra kitabı illüstrasiya edən 12 uşağa, kitabın müəllifinə və “Nağıl dünyası” rəsm atelyesinin rəhbəri Tatyana Antonovaya fəxri fərman və hədiyyələr verilib.
Bundan başqa, səfir Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsinin qaliblərinə diplom və medalları təqdim edib. Sözügedən müsabiqədə Bolqarıstandan 7 uşaq müxtəlif yerlərə layiq görülüb və diplomlarla təltif olunub.
Tədbirin sonunda uşaqlarla əhatə olunmuş müəllif onlara öz imzası ilə kitabları təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər