BSU ilə Bolqarıstanın universitetləri arasında əlaqələr genişlənir

BSU ilə Bolqarıstanın universitetləri arasında əlaqələr genişlənir Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynovla görüşüb. Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva iştirak ediblər.
Rektor Nurlana Əliyeva Hüseyn Hüseynovu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri vəzifəsinə təyin edilməsi münasibətilə universitetin professor-müəllim heyəti adından təbrik edib, ona gələcək diplomatik fəaliyyətində böyük nailiyyətlər arzulayıb.

Nurlana Əliyeva bildirib ki, xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm tarixi Qələbə qazandı. Bu böyük Qələbə hər birimizə sonsuz sevinc və qürur hissi yaşadır. Hazırda Ermənistanla diplomatiya və informasiya mübarizəsi davam edir. Hər birimiz bu mübarizədə fəal iştirak etməli, ölkə rəhbərliyinə var gücümüzlə dəstək verməliyik.

Rektor Prezident İlham Əliyevin Bolqarıstanla əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirdiyi uğurlu və səmərəli fəaliyyət barədə danışıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Bolqarıstanda bir sıra mədəni-humanitar layihələri reallaşdırdığını, azərbaycanlı tələbələrin bolqar dilini, mədəniyyətini öyrəndiyini və bolqar tələbələrin də dilimizi, milli adət-ənənələrmizi öyrəndiyini vurğulayıb.

Qeyd olunub ki, BSU dünyanın müxtəlif xarici ölkələri ilə elm və təhsil sahəsində fəal əməkdaşlıq edir. Unikal ali təhsil müəssisəsi olan BSU-nun beynəlxalq əməkdaşlıq əlaqələrində Bolqarıstan xüsusi yer tutur. Bu gün BSU-da bolqar dili, tarixi, ədəbiyyatı, etnoqrafiyası tədris edilir, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir.
Rektor Nurlana Əliyeva BSU-nun nümayəndə heyətinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində və Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetində olduğunu və həmin ali təhsil müəssisələrindən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb, bu dostluq və əməkdaşlıq əlaqələrinin hazırda uğurla davam etdiyini bildirib. Qeyd edilib ki, Bolqarıstanın yüksək səlahiyyətli hakimiyyət nümayəndələri, tanınmış və nüfuzlu elm və təhsil xadimləri dəfələrlə BSU-da olublar. BSU-da Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş və eləcə də Bolqarıstanın Avropa İttifaqı Şurasına sədr seçilməsi münasibətilə beynəlxalq tədbir keçirilib. Hazırda BSU-da müxtəlif tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan biri də Bolqar Dili və Mədəniyyəti Mərkəzidir.
Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov BSU ilə Bolqarıstanın ali təhsil müəssisələri arasında mövcud olan geniş ikitərəfli əlaqələr haqqında məlumat verib.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Vətən müharibəsi dövründə universitetin tələbə-gənclərinin onlayn formada Bolqarıstan gəncləri ilə əlaqə saxladıqlarını, müharibə haqqında həqiqətlərin, o cümlədən Azərbaycanın dinc mülki əhalisinin erməni terrorçuları tərəfindən soyqırımına məruz qalmasını konkret faktlar əsasında onların nəzərinə çatdırdıqlarını bildirib.
Səfir Hüseyn Hüseynov səmimi və işgüzar görüşə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və kollektivə böyük nailiyyətlər arzulayıb. O, Bolqarıstanla Azərbaycan arasında diplomatik-siyasi əlaqələrin inkişaf etdirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi üçün əzmlə çalışacağını qeyd edib, BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını söyləyib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Sonra səfir Hüseyn Hüseynov BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində olub. O, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Bolqarıstanla yaratdığı geniş dostluq və əməkdaşlıq əlaqələrini əks etdirən foto və eksponatlarla tanış olub. Hüseyn Hüseynov BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsini yüksək qiymətləndirib.

Tehsil-press.az


Oxşar xəbərlər