BSU-nun nümayəndə heyəti Bolqarıstana səfər edib

BSU-nun nümayəndə heyəti Bolqarıstana səfər edib Məlum olduğu kimi, Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva, universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Bolqarıstan Respublikasının vitse-prezidentinin dəvəti ilə bu ölkəyə səfər edib. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri Daniel Panov və merin müavini Qanço Karabadjakovla görüşüblər.
Azərbaycanlı qonaqları görməkdən məmnunluğunu bildirən Daniel Panov Azərbaycan və Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açıb. Mer iki ölkə arasında münasibətlərin bütün zamanlarda qarşılıqlı hörmət və etimada əsaslandığını, ölkələrimizin birlikdə çoxsaylı iri layihələrə imza atdığnı vurğulayıb. D.Panov ölkələrimz arasında təhsil sahəsindəki əməkdaşlığı, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin və mədəniyyətinin öyrənilməsini yüksək qiymətləndirib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Novruz bayramı ərəfisində Bolqarıstana baş tutan səfərin mahiyyətindən danışaraq bildirib ki, bu səfər Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xalqlar arasında dostluq və qardaşlıq siyasətinin tərkib hissəsidir. Rektor Bakı Slavyan Universitetində 2004-cü ildə yaradılan bolqar dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açaraq qeyd edib ki, BSU-da 50-dən çox tələbə bu gün bolqar dilində təhsil alır, Bolqarıstanın tarixi və mədəniyyəti öyrənir. Bolqarıstanın qabaqcıl universitetləri ilə BSU-nun əməkdaşlığından danışan N.Əliyeva qeyd edib ki, azərbaycanlı tələbələr Bolqarıstanın tarixinə, etnoqrafiyasına, iqtisadi və mədəni həyatına xüsusi maraq göstərirlər.
Sonra BSU-nun nümayəndə heyəti Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğunda olub.
BSU rəhbərliyi Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində olub
BSU rəhbərliyi sonra Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində də olublar. Qonaqları universitetin rektoru, professor Xristo Bondjolov və həmin universitetin prorektorları qarşılayıblar. X.Bondjolov azərbaycanlı nümayəndə heyətinə Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəaliyyəti barədə müfəssəl məlumat verib. Bolqar tələbələrin Azərbaycan dili və mədniyyətinə, ölkəmizin tarixinə olan marğından danışıb.
BSU-nun rektoru Nurlana Əliyeva çıxışında Bolqarıstana baş tutan üç günlük səfər zamanı nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına məlumat verib. Rektor Bakı Slavyan Universitetinin yaranma tarixi, fəaliyyəti, buradakı tədris və mədəniyyət mərkəzləri, həmçinin BSU-nun beynəlxalq əlaqələrindən söz açıb. N.Əliyeva bolqar dili üzrə kadr hazırlığından danışaraq qeyd edib ki, BSU-da bolqar dili və mədəniyyəti yüksək səviyyədə tədris olunur.
Görüşün sonunda BSU adından Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinə xatirə olaraq hədiyyələr təqdim edilib.
Sonra rektor Nurlana Əliyeva Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetin tələbələri qarşısında “Azərbaycan-Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü” mövzusunda mühazirə ilə çıxış edib. Rektorun bolqar dilində yüksək səviyyədə çıxışı bolqar müəllim və tələbələr tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bolqarıstanlı rektor BSU-da olmaq arzusunu dilə gətirdi
Martın 21-də azərbaycanlı nümayəndə heyəti Bolqarıstanın Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru, professor Stati Statev ilə görüşüb. S.Statev Azərbaycanla Bolqarıstan arasında diplomatik, iqtisadi, mədəni münasibətlərdən, bu əlaqələrin inkişaf perspektivlərindən danışıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə ətraflı məlumat verib. O qeyd edib ki, iyirmi iki min tələbə kontingentinə sahib olan universitetdə humanitar və texniki yönümdə kadr hazırlığı var. Azərbaycana olan marağından danışan S.Statev Bakı Slavyan Universitetini görmək arzusunda olduğunu da vurğulayıb.
Azərbaycan və bolqar xalqları arasında dostluq əlaqələrinin tarixinə toxunan BSU rektoru, professor Nurlana Əliyeva onun köklərinin tarxin dərin qatlarına gedib çıxdığını bildirib. O, Azərbaycanın müstəqillik qazanmasından sonra bu münasibətlərin yeni mərhələyə daxil olduğunu vurğulayıb. N.Əliyeva hazırda ölkələrimiz arasında möhkəm iqtisadi, siyasi, mədəni əlaqələri mövcud olduğunu bildirib. BSU rektoru iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın böyük perspektivlərə malik olduğunu diqqətə çatdırıb. O, BSU-nun demək olar ki, Bolqarıstan bütün universitetləri ilə sıx əlaqələrə malik olduğunu bildirib.
Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti öyrənilir
Sonra azərbaycanlı nümayəndələr Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzində olublar. Nümayəndə heyəti burada olarkən universitetin Şərq dilləri və mədəniyyəti mərkəzinin müdiri, professor Aleksandr Fedatovla görüşüb. A.Fedatov Azərbaycana olan sevgisindən danışıb. Naxçıvanı görmək arzusunda olduğunu deyən mərkəz müdiri multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən Azərbaycan kimi bir ölkəyə yaxın zamanda səfər etməyi planlaşdırdığını vurğulayıb. O qeyd edib ki, Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzi bolqar tələbələr arasında Azərbaycan dili, mədəniyyəti və tarixinin yayılmasına geniş imkanlar yaradır.
Sofiya Dövlət Universitetinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva rəhbərlik etdiyi mərkəzdə Azərbaycan mədəniyyətinin, milli dəyərlərinin, tarixi həqitələrinin bolqar müəllim və tələbələrə təbliği istiqamətində görülən işlərdən söz açıb. S.Şıqayeva bildirib ki, Sofiya Universitetində Azərbaycan multikulturalizmi fənni tədris edilir. O, bolqar tələbələrin Azərbaycan dilini öyrənməyə maraqlı olduqlarını xüsusilə qeyd edib.
Rektor, professor Nurlana Əliyeva BSU-nun Sofiya Dövlət Universiteti ilə sıx əməkdaşlığından, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi istiqamətində nəzərdə tutulan işlərdən söz açıb və Beynəlxalq Novruz Günü münasibətilə görüş iştirakçılarını təbrik edib.
BSU rəhbərliyi Bolqarıstanın yeni vitse-prezidenti ilə görüşüb
Aərbaycanlı nümayəndə heyətini Bolqarıstanın yeni seçilmiş vitse-prezidenti İliyana Yotova qbul edib.
Prezident iqamətgahında baş tutan görüşdə İliyana Yotova azərbaycanlı qonaqları öz ölkəsində görməkdən məmnun qaldığını bildirib. Vitse-prezident yaxın zamanda Azərbaycana nəzərdə tutulmuş səfərində Bakı Slavyan Universitetinə də gələcəyini deyib. Azərbaycanda bolqar dilini tədris edən universitetin fəaliyyət göstərməsini yüksək qiymətləndirərək bu dilə göstərilən hörmət və qayğıya görə BSU rəhbərliyinə təşəkkür edib.
Rektor, profesor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində bolqar dili və ədəbiyyatı ilə yanaşı, gənclərə Bolqarıstanın tarixinin, mədəniyyətinin və adət-ənənələrinin, etnoqrafiyasının və s. öyrədildiyini də bildirib. O, BSU-da fəaliyyət göstərən Bolqarıstan Mədəniyyət Mərkəzində müntəzəm olaraq bolqar tarixi, ədəbiyyatı, dili ilə bağlı müxtəlif tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər təşkil edildiyii diqqətə çatdırıb. N.Əliyeva adıçəkilən Mərkəzin Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə daim sıx əlaqədə fəaliyyət göstərdiyini bildirb. O, qeyd edib ki, bolqar dilini öyrənən tələbələr səfirlik tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirak edirlər. N.Əliyeva Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışıb, onların milli maraqlar ətrafında sıx birləşməsinin əhəmiyyətini vurğulayıb.
Rektorun bu fikirləri vitse-prezident İliyana Yotova tərəfindən böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, bütün görüşlərdə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.

BSU-nun Mətbuat Xidməti


BSU-nun nümayəndə heyəti Bolqarıstana səfər edibBSU-nun nümayəndə heyəti Bolqarıstana səfər edib

Oxşar xəbərlər