Dünyada koronavirusdan ölüm halları ötən həftə 43 faiz azalıb

Dünyada koronavirusdan ölüm halları ötən həftə 43 faiz azalıb Ötən həftə dünyada 9 milyon nəfər COVID-19 infeksiyasına yoluxub, 26 min nəfər həyatını itirib. Öncəki yeddi günlə müqayisədə koronavirusa yoluxma halları 16 faiz, ölüm halları isə 43 faiz azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
“Martın 28-dən aprelin 3-dək COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 16 faiz, ölənlərin sayı isə 43 faiz azalıb. Həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon 351 min 818 yoluxma və 26 min 285 ölüm faktı barədə məlumat daxil olub”, - deyə sənəddə bildirilir.
Ötən həftə ÜST-nin altı regionunun hamısında yoluxma hallarında azalma müşahidə olunub. Bu, əsasən Afrikada (19 faiz), Avropada (16 faiz) və Qərbi Sakit Okean regionunda (16 faiz) özünü daha qabarıq göstərib. Həmçinin bütün regionlarda, o cümlədən Cənub-Şərqi Asiyada (73 faiz) və Amerikada (63 faiz) ölüm hallarının sayında azalma müşahidə olunub.
Həftə ərzində ən çox yoluxma Koreya Respublikasında baş verib – 2 milyon 58 min 375 nəfər. Bu göstəriciyə görə Şimali Koreyanın ardından Almaniya (1 milyon 371 min 270 nəfər) və Fransa (959 min 84 nəfər) gəlir. Son yeddi gündə ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 4 min 435 nəfər. Ölüm hallarının həftəlik miqdarına görə ilk üçlükdə, həmçinin Rusiya (2 min 357 nəfər) və Koreya Respublikası (2 min 336 nəfər) yer alıb.
Qeyd edək ki, 2020-ci ilin mart ayında ÜST COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək dünyada koronavirusa 494 milyon 215 min yoluxma halı aşkarlanıb, 6 milyon 183 min 655 nəfər vəfat edib, 429 milyon 807 min nəfər isə sağalıb.

Tehsil-press.az


Oxşar xəbərlər