Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 10-da Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.
Şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.
İmtahan vermək istəyən şagirdlərin qeydiyyatı fevralın 1-dən martın 28-dək aparılıb.
Ümumilikdə 915 şagirdin imtahan verəcəyi gözlənilir. İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq.
DİM imtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları məktəb tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir);
- imtahana buraxılış vərəqəsini;
- sağlamlıq haqqında bəyannaməni.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə DİM-in saytında yerləşdirilmiş linkdən tanış olmaq mümkündür.
Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.
İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 10 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 82 nəzarətçi-müəllim, 8 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər