Çinin daha bir böyük şəhərinin məktəblərində əyani tədris dayandırılıb

Çinin daha bir böyük şəhərinin məktəblərində əyani tədris dayandırılıb Çinin daha bir böyük şəhərində - Quancouda COVID-19 virusuna yoluxmalar səbəbindən orta məktəblərdə yerində tədris dayandırılıb.
Çinin beynəlxalq ticarət qovşağı hesab edilən və əhalisi 15 milyon nəfər olan Quancou şəhərinin rəhbərliyi orta məktəblərdə əyani dərslərin qeyri-müəyyən müddətə dayandırılmasına və distant təhsilin təşkilinə qərar verib. Yalnız yataqxanası olan məktəblərin buraxılış siniflərinin şagirdləri üçün qapalı rejimdə yerində dərslərin keçirilməsinə icazə var. Yəni, həmin siniflərin şagirdləri məktəbləri tərk edə bilməzlər.
Bundan başqa, ali təhsil müəssisələrində də qapalı rejim tətbiq olunacaq. Kolleclərə qəbul imtahanı isə təxirə salınıb.
Səlahiyyətli qurumlar şəhərdə virusa yoluxmaların çoxalması ehtimalını nəzərə alaraq, mobil xəstəxanaların inşasına başlayıb. İlk belə xəstəxana Pacou sərgi mərkəzində quraşdırılacaq.
Şəhər rəhbərliyi sakinlərə ciddi səbəb olmadığı halda Quancounu tərk etməməyi tövsiyə edib. Səlahiyyətli qurumlar əhalinin ərzaq və gündəlik tələbat malları ilə təminatı üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka Çinin materik hissəsində 27 min 509 yerli yoluxma, o cümlədən 26 min 345 simptomsuz yoluxma qeydə alınıb. Bu, Çin üçün sutkalıq antirekord göstəricidir. Yoluxmaların əksər hissəsi (26 min 87) Şanxayda aşkarlanıb. Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxayda, habelə Şencen və Çançun kimi böyük şəhərlər də daxil olmaqla, bir neçə yaşayış məntəqəsində qapanma tətbiq edilib.
Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər. Yoluxuculuq qabiliyyəti daha yüksək olan, amma daha az hospitalizasiyaya gətirib çıxaran “omikron” ştamının dominantlıq etdiyi ölkələrin çoxu “Virusla birgə həyat” strategiyasını tətbiq edərək, qapanmalar da daxil olmaqla, karantin qaydalarını maksimum dərəcədə yumşaltsa da, Çin “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipində israrla qalaraq, infeksiyanın yayılmasını tam nəzarət altına almağa çalışır. “Sıfır COVID” strategiyası yoluxmalar aşkarlanan yaşayış məntəqələrində lokal qapanmaların tətbiqi və kütləvi test prosesinin icrası ilə yoluxma zəncirini dayandırmağı, bununla da virusun ölkəyə yayılmasının qarşısını ilkin mərhələdə almağı əhatə edir. Səlahiyyətli qurumlar infeksiyanın yayılmasını tam nəzarət altına almağa, bununla da əhalinin sağlamlığını qorumağa çalışır. Onlar “Virusla birgə yaşayış” prinsipinin 1,4 milyard əhalisi olan Çində tətbiq olunacağı təqdirdə sutkalıq yoluxma sayının yarım milyona, simptomlu xəstə sayının isə 10 minə çatacağını, nəticədə fəlakətli vəziyyətin yarana biləcəyini güman edir. Ekspertlər Çinin səhiyyə sisteminin bu cür vəziyyətə hazır olmadığını bildirirlər. Belə ki, Çində xəstəxanalardakı reanimasiya şöbələrində hər 100 min nəfərə 4,3 yer düşür ki, bu da ABŞ kimi inkişaf etmiş ölkələrlə müqayisədə azdır.

Tehsil-press.az


Oxşar xəbərlər