Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib

Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.
Ramiz Rövşən yaradıcılığından söhbət açan ADU-nun rektoru Xalq yazıçısı Kamal Abdulla bildirib ki, o, şair, tərcüməçi, kinossenarist və ədəbiyyatşünas kimi adını Azərbaycan mədəniyyət tarixinə yazdırmış şəxsdir: “Ramiz Rövşən mənim sevimli şairlərimdən biridir. Bu tədbirdə nə qədər oxucu varsa, hamının üzündə bir sevinc, bir xoşbəxtlik duyulur. Bu sevinc, bu xoşbəxlik Ramiz Rövşən sevgisinin bariz nümunəsidir. Ramiz Rövşənin şeirlərində “Dədə Qorqud” dastanındakı millilik var, onun şeirlərində saf və təmiz duyğuların gözəl təsvirlərlə ifadəsini görmək mümkündür. Bütün bu keyfiyyətlər onun bir şair kimi hər kəs tərəfindən sevilməsinə imkan yaradır. İnanıram ki, bu görüş tələbələrimizi azərbaycançılıq, dövlətçilik ətrafında birləşdirən görüşlərdən biri olacaq”.
ADU-nun Filologiya fakültəsinin dekanı Şahin Xəlilli Ramiz Rövşənin bir şair kimi, bir insan kimi yüksək intellektindən, humanizmindən və istedadından danışıb. Qeyd edilib ki, Ramiz Rövşən dünyanın böyük şairləri ilə müqayisə olunur və bu, Azərbaycan üçün böyük uğurdur.
Universitetin professoru Əsgər Zeynalov və pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən və görüşün tələbələr üçün əhəmiyyətindən danışıblar.
Tələbələr şairin sözlərinə yazılmış “Bağışla” mahnısı ifa edib, “Nə çoxmuş dünyanın yükü” və “Mən elə bilirdim ölərəm sənsiz” şeirlərini söyləyiblər.
Sonda Xalq şairi Ramiz Rövşən şeirlərini səsləndirib, poeziya və həyat haqqında fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər