“Alternativ maliyyə institutları: yeni çağırışlar və perspektivlər” mövzusunda müzakirə aparılıb

“Alternativ maliyyə institutları: yeni çağırışlar və perspektivlər” mövzusunda müzakirə aparılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Alternativ maliyyə institutları: yeni çağırışlar və perspektivlər” mövzusunda panel müzakirə keçirilib.
Müzakirələrdə SER - İqtisadi Resursların Öyrənilməsi İstehsalat Birliyinin sədri Ruslan Atakişiyev, İslam Maliyyə Mərkəzinin tədqiqatçıları Əfqan Musayev və Türkay Cəbiyeva mövzu ətrafında təqdimatla çıxış ediblər.
Məruzəçilər qeyd ediblər ki, son illər müsəlman ölkələrində fəaliyyət göstərən maliyyə institutları ənənəvi maliyyə sistemlərində getdikcə daha böyük rol oynayır. İslam maliyyə sistemi nəzəri baxımdan İslam şəriətinin prinsipləri üzərində qurulub. Bu sistem çərçivəsində fəaliyyət göstərən hər bir institut şəriətə müvafiqdir.
İslam maliyyə təşkilatlarının ənənəvi bankçılıqdan fərqləri haqqında, İslam bankçılığının dünyadakı inkişaf meyillərindən və artan dinamikasından söz açan məruzəçilər müvafiq maliyyə sisteminin Azərbaycanda tətbiqini və inkişafını perspektivli maliyyə sahəsi kimi qiymətləndiriblər.
Müzakirələrin sonunda məruzəçilər tərəfindən İslam maliyyəsində bank kreditləşməsi və onun şərtləri, əmanətlərin yerləşdirilməsi, gəlirin əldə olunması və bölünməsi, sığorta sistemi, sosial məsuliyyət, dünyada İslam maliyyəsinin inkişafı meyilləri və s. suallar cavablandırılıb.
Təqdimat zamanı sual-cavabda aktiv olan iştirakçılara Ruslan Atakişiyev tərəfindən “İslam maliyyə sistemi və alətləri” adlı kitab hədiyyə edilib.
Panel müzakirə UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər