Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib.
Azərbaycan parlamentinin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər.
Qonaqları Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan şad olduğunu söyləyən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov qeyd edib ki, bu gün Siz azad Şuşadasınız. O, diqqətə çatdırıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edib. Komitə sədri bildirib ki, bu, bizim Şuşada ilk görüşümüzdür. O, bu tədbirin təşkilinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.
S.Seyidov nəzərə çatdırıb ki, Ermənistan işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi, maddi-mədəni irsini dağıdıb, şəhərlərimizi və kəndlərimizi məhv edib. Təsadüfi deyil ki, bu əraziləri Qafqazın Xirosiması adlandırırlar. O qeyd edib ki, həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır və hələ görülməli işlər çoxdur. Komitə sədri bu görüşün Şuşada keçirilməsinin önəmindən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərlərinin və Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini qeyd edib. O, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlərdən danışıb. S.Seyidov, tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib.
Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri N.Samxaradze bu görüşün təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. N.Samxaradze parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynadığını qeyd edib. Gürcüstan parlamentinin komitə sədri ölkələrimiz arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin regional əməkdaşlıqda rolu və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç bu formatda keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, bu görüşün Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Biz öz gələcəyimizi təmin etmək üçün səylərimizi birləşdirməliyik. Parlamentlər və onların nümayəndələri öz xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar. Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə iki ölkə arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı sülh və sabitlik yaranacaqdır.
Sonra çıxış edən hər üç ölkədən olan deputatları Asim Mollazadə, Derya Bakbak, Mehmet Güzelmansur, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Nigar Arpadarai, Davit Zilpimiani, Kamil Aydın və başqaları belə birgə iclasın azad edilmiş ərazilərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin əhəmiyyətindən danışıblar.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Rasim Musabəyov, Ramil Həsən, Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Azər Kərimli, Sevil Mikayılova, Cavanşir Feyziyev, Ramin Məmmədov, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər