Pedaqoji Kollecdə tədbir: Arzular əngəlsizdir

Pedaqoji Kollecdə tədbir: Arzular əngəlsizdir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecdə (ADPK) “Arzular əngəlsizdir” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarığını inkişaf etdirmək və cəmiyyətə təqdim etməkdir.
Tədbiri giriş sözü ilə görmə məhdudiyyətli tələbə Zəhra Hüseynova açıb. Sonra kollecin tələbəsi Yeganə Rəhimova ailə və ev təhsili ixtisasında təhsil alan Seyrat Musayeva haqqında məlumat verib. Seyrat qarşısına çıxan çətinliklərə baxmayaraq üzərində çalışaraq həm rus, həm də ingilis dilini dərindən öyrənib.
Tədbirdə təqdim edilən səhnəcikdən sonra psixologiya müəllimi Zeynəb Kələntərova Azərbaycanda inklüziv təhsilin tətbiqindən danışıb.
Məktəbəqədər təlim və tərbiyə ixtisasında təhsil alan Zəhra Məmmədova pianoda ifa edib. İnklüziv təhsil ixtisasında təhsil alan nitq məhdudiyyətli tələbələr - Səfərli Fatimə və Ağayeva Şəms öz bacarıqlarından, motivasiyalarından və gələcək arzularından bəhs ediblər. Fatimə öz daxili aləmini, zənginliyini saplara ötürüb hörmə işləri ilə məşğul olur. Şəms isə yaşının az olmasına baxmayaraq taekvondo üzrə medallarla təltif olunub.
Daha sonra valideynlər öz təəssüratlarını bölüşüblər.
Sonda sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova tələbələrə və valideynlərə xoş arzularını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər