Pedaqoji Universitetin magistrantları Azərbaycan Britaniya Kollecində

Pedaqoji Universitetin magistrantları Azərbaycan Britaniya Kollecində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) biznesin təşkili və idarə edilməsi (MBA) ixtisasının təhsilin təşkili və idarə olunması ixtisaslaşması üzrə təhsil alan magistrantları Azərbaycan Britaniya Kolleci (ABC) Təhsil Kompleksinin qonağı olublar.
Görüşdə Tədris departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanov, Britaniya kollecinin direktoru Karl Lander, kollecin baş meneceri Ələkbər Ələkbərov magistrantlara beynəlxalq məktəblərdə təhsilin idarə olunması, liderlik, idarəçilik təcrübəsi haqqında nəzəri və praktik məlumat veriblər.
Tədbirdə Karl Lander magistrantlar qarşısında “Təhsildə liderliyin beynəlxalq aləmdə inkişaf perspektivləri” mövzusunda çıxış edib. O, beynəlxalq təhsil müəssisələrində tədrisin keyfiyyətinin idarə edilməsinin əsas xüsusiyyətlərindən, pedaqoji nəzarət məsələlərindən, beynəlxalq təcrübədən bəhs edib.
Ə.Ələkbərov magistrantlara ABC Təhsil Kompleksinin (TK) yaranması və inkişafı tarixindən, kollecin bazası, tədris prosesi, idarəçilikdə əsas yeri tutan müəllimlərin iş şəraitindən danışıb. O, qonaqları Təhsil Kompleksinin maddi-texniki tədris bazası ilə tanış edərək bildirib ki, ABC 2012-ci ildən fəaliyyətə başlayıb. Hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan vətəndaşları da daxil olmaqla, 25 ölkədən 635 şagirdə xidmət göstərir. ABC TK-də İngiltərə milli kurikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənləri də kurikuluma daxil edilib. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.
ABC Təhsil Kompleksində cari tədris ilindən qarşılıqlı müqavilə əsasında ADPU-nun bakalavriat səviyyəsində təhsil alan tələbələrinin pedaqoji təcrübəsi təşkil olunub.
Sonra beynəlxalq təhsil müəssisəsinin rəhbərləri magistrantların suallarını cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər