Memarlıq və İnşaat Universitetinin tələbələri Qoşulmama Hərəkatı barədə məlumatlandırılıb

Memarlıq və İnşaat Universitetinin tələbələri Qoşulmama Hərəkatı barədə məlumatlandırılıb Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təmsilçiləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr üçün məlumatlandırma günü keçiriblər.
Gənclər Şəbəkəsinin katibliyinin rəhbəri Ceyran Cəfərova tələbələrə Qoşulmama Hərəkatı barədə məlumat verib. Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulduğunu deyən C.Cəfərova gələcək layihələrdən də söz açıb.
Tədbirdə Gənclər Şəbəkəsinin fəaliyyətinə həsr olunmuş videoçarx və məlumat xarakterli slayd nümayiş edilib.
Universitetin prorektoru Orxan Naqdiyev beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmlənməsindən, 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatının ölkəmizə göstərdiyi dəstəkdən danışıb. Tələbələrin öz ixtisaslarına yiyələnməklə yanaşı, vətəndaş kimi ölkənin ictimai-siyasi həyatında da yaxından iştirakını vacib sayan prorektor gəncləri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsində fəallıqlarını artırmağa çağırıb.
Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev qısa müddətdə ölkəmizin böyük etimad və hörmət qazandığını, 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildiyini, ölkəmizin sədrliyinin müddətinin bir il uzadıldığını diqqətə çatdırıb.
Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə şəbəkənin məqsədlərindən danışıb. Bildirib ki, əsas məqsəd üzv dövlətlərindən olan gənclərin davamlı tərəqqisinə nail olmaq, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün vətəndaşı olduqları ölkələrin birgə və adekvat səyləri barədə fikir mübadiləsinə şərait yaratmaqdır.
Sonda tələbələrlə sual-cavab sessiyası keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər