“Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabı həm mütəxəssislər, həm də ictimaiyyət üçün etibarlı mənbədir

“Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabı həm mütəxəssislər, həm də ictimaiyyət üçün etibarlı mənbədir Ulu Öndər həmişə Bakı Dövlət Universitetinin məzunu olmağı ilə fəxr edirdi. Həmin Bakı Dövlət Universiteti artıq öz yubileyini də qeyd edib. Universitetimiz fəaliyyətində bir sıra mühüm layihələrə imza atır. Bunlardan biri də müasir Azərbaycanın tarixinin yazılması layihəsidir.
Bunu BDU-nun “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının təqdimat mərasimi çərçivəsində jurnalistlərə müsahibəsində universitetin rektoru və layihənin rəhbəri Elçin Babayev deyib.
Rektor bildirib ki, 1991-2021-ci illəri əhatə edən bir dövrün məhz etibarlı mənbələr əsasında və tarixin olduğu kimi yazılması qarşıya məqsəd olaraq qoyulmuşdu və bu, ikicildlik kitabda öz əksini tapdı. 1991-2003-cü illəri əhatə edən birinci cilddə Ümummilli Liderin hakimiyyətə qayıdışı, Azərbaycanı xilas etməsi, ölkədə həyata keçirilən quruculuq işləri, demokratikləşmə, qanunvericilik və digər bu kimi məsələlər öz əksini tapıb. Kitabın ikinci cildi 2003-2021-ci illəri əhatə edir. Bu cilddə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi, yenidən seçilməsi, Azərbaycanın dünyaya günəş kimi doğması, həm daxili, həm xarici siyasət, beynəlxalq layihələrə qoşulma, iqtisadiyyatın ümumi inkişafı, elmin, təhsilin inkişafı, səhiyyənin, mədəniyyətin inkişafı, ordu quruculuğu məsələləri öz əksini tapıb. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, kitabın da sonu Azərbaycanın Zəfərinə həsr olunub.
BDU-nun rektoru Elçin Babayev vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib gəlməyimiz bütün dünyada nüfuzumuzu artırdı. “Bir məsələni də qeyd etmək istəyirəm. Kitabda da yazıldığı kimi, cənab Prezident iki sahədə Baş Komandan kimi fəaliyyət göstərdi. Bunun biri ordu idisə, digəri informasiya sahəsi idi. Hər iki cəbhədə də Ali Baş Komandan qalib gəldi. Bugünkü Azərbaycan yaradıcılıq, quruculuq işləri ilə yeni-yeni qələbə səhifələrini yazmaqdadır. Düşünürük ki, Bakı Dövlət Universiteti tərəfindən atılmış bu ilk addım həm mütəxəssislər, tələbələr, müəllimlər, həm də geniş ictimaiyyət üçün çox dəyərli, etibarlı bir mənbə olacaq. Bir arzumuz da Azərbaycanın daha böyük zəfərlərinin əks olunduğu növbəti kitabların yazılması kimi layihələrin həyata keçirilməsidir”, - deyə rektor Elçin Babayev fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər