Son dövrlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə canlanma nəzərə çarpır. Bu sırada Özbəkistan da istisna deyil.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfəri edib. Bu səfərin baş tutması ilə əlaqədar Özbəkistanla əlaqələrə yenidən nəzər salmaq yerinə düşər.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı keçiriləcək görüşlərdə iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirəcəklər.
Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə edəcəklər.
Səfər zamanı bir sıra mühüm sənədlərin imzalanması da nəzərdə tutulur. Həmin sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” xüsusi vurğulanmalıdır.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi “orta dəhliz”in əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Yuxarıda qeyd olunanlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.
Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub.
Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistanın həyatında fəal iştirak edir.
Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdi ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.
Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.
Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.
1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.
1997-ci il iyunun 18-19-da Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”.
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.
Ölkələrimiz arasında cari münasibətlərin strateji istiqamətləri məhz yuxarıda qeyd etdiyimiz iki səfər (Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri) zamanı müəyyən edilib.
2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.
Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.
Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Özbəkistana cari dövlət səfəri zamanı 19 sənədin imzalanması nəzərdə tutulur. Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür.
Tehsil-press.az