Tarix İnstitutu və Özbəkistan səfirliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub

Tarix İnstitutu və Özbəkistan səfirliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub Özbəkistanın Azərbaycandakı səfirliyinin birinci katibi Bəhram Qaipov və səfirliyin üçüncü katibi Otabek Ramazanov Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda olublar.
Görüşdə Tarix İnstitutu haqqında qonaqlara məlumat verən Kərim Şükürov dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirib. Elmin inkişafı üçün ikitərəfli əlaqələrin möhkəmlənməsinin müsbət təsirini vurğulayıb.
Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri İradə Qurbanova qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışaraq, gələcəkdə birgə fəaliyyətin vacibliyini bildirib.
Daha sonra Tarix İnstitutu və səfirlik arasında faydalı əməkdaşlığın qurulması üçün perspektiv imkanlar müzakirə olunub.
Səfirliyin birinci katibi Bəhram Qaipov Özbəkistan və Azərbaycanın qardaş ölkə kimi əlaqələrinin tarixi keçmişə malik olduğunu diqqətə çatdırıb. İki ölkənin mədəniyyəti, dili və adət-ənənələrində bənzərliyin olduğunu söyləyib. Birinci katib iki ölkə arasında elmi sahədə tədbirlər planlaşdırıldığını deyib. Türkdilli dövlətlərdən olan Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsinin, elmi, mədəni əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. İki qardaş xalqın tarixinin araşdırılmasının, Özbəkistan və Azərbaycan tarixində baş verənlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacib olduğunu deyib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər