Firudin Qurbanov Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb

Firudin Qurbanov Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə səfərdə olan Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb.
Nazir müavini çıxışında ölkəmizin müstəqillik dövründə inkişafı və güclənməsi üçün görülən işlər, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlər, təhsilin ayrı-ayrı sahələrinin inkişafı barədə məlumat verib. Həmçinin təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı yerinə yetirilən tədbirlər, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələr, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, bu sahədə əldə olunan uğurlardan bəhs edib. Firudin Qurbanov, həmçinin torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunu vurğulayıb və Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusi şəkildə qeyd edib.
Nazir müavini Azərbaycanda təhsil sistemində təhsilverənlərin və təhsilalanların hər birinin hüquqlarının qorunmasına böyük önəm verildiyini bildirib. Firudin Qurbanov müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin stimullaşdırılması istiqamətində atılan ardıcıl addımları qeyd edərək bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini önə çəkib.
Çıxışında nazir müavini Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının XIV Forumunun Bakıda keçirilməsini yüksək dəyərləndirib.
Tədbirin sonunda Firudin Qurbanov qonaqların suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər