Deputat: Regionda yeni reallıqlar yaradan Azərbaycanın bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür

Deputat: Regionda yeni reallıqlar yaradan Azərbaycanın bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür Ağalı kəndinin sakinlərinin öz dogma evlərinə qayıdışı Azərbaycan xalqının həyatında və taleyində tarixi gündür. Artıq 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış başlayır. Zəngilanın Ağalı kəndinin bir qrup sakini 30 ilə yaxın ayrılıqdan sonra iyulun 19-da doğma yurduna qayıtdı. Bu, çox qürurlu bir hadisədir.
Bunu Milli Məclisin deputatı Fatma Yıldırım müsahibəsində deyib.
F.Yıldırım bildirib ki, Qarabağ və Şərqi Zəngəzur artıq cənnətə çevrilməkdədir. Erməni vandallarının 30 il ərzində həmin əraziləri tamamilə dağıtmalarına baxmayaraq, dövlətimiz bu torpaqlara həyatı yenidən qaytarmaq üçün əzm və qətiyyət nümayiş etdirir. Xalqımız, milli dəyərlərimiz və ənənələrimiz bu torpaqlara artıq qayıdıb. Azərbaycan xalqı bundan sonra həmin torpaqlarda əbədi yaşayacaq. Füsunkar təbiəti olan bu diyarın gələcəyi çox gözəl olacaq.
Onun sözlərinə görə, regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edirik. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi də bunu təsdiqləyir. Hər bir Azərbaycan vətəndaşı Ağalı kəndinin timsalında dövlətimizin hədəf və məqsədlərini görə bilər.
Deputat vurğulayıb ki, torpaq həsrəti çəkən məcburi köçkün həmvətənlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində doğma yurdlarına qayıdırlar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib.
“Köçürülən 41 ailədən hərəsinin bir üzvünə iş təklif olunub və təkliflər qəbul edilib. Təklifi qəbul etmiş şəxslər köçürülmədən sonra iş yerlərində rəsmi şəkildə qeydiyyata alınıb fəaliyyətə başlayacaqlar. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Beləliklə, Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Qayıdışımız mübarək!”, - deyə F.Yıldırım fikirlərini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər